Rəsmi dvlət qəzeti olan “Azərbaycan” qəzeti Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini kəskin şəkildə tənqid edən məqalə çıxış edib
Həmin məqaləni təqdim edirik:
Uduzan istehsalçı, qazanan işbazdır
Elə etmək lazımdır ki, ilk növbədə istehsalçı və alıcı razı qalsın
Keçmiş SSRİ-də ilk dəfə aqrar islahatlar Azərbaycanda həyata keçirilib. Məqsəd torpağı əsl sahibinə - kəndliyə qaytarıb ona fəaliyyət sərbəstliyi vermək idi. Dünya təcrübəsi göstərir ki, bol məhsul istehsalına nail olmağın yeganə yolu da budur. Sovetlər dönəmindəki inzibati amirlik idarəetmə sistemi isə kəndliyə sərbəstlik vermirdi. Üstəlik, istehsal etdiyi məhsulu “tədarük” adı ilə ucuz qiymətə alıb kəndlini qazanmaq imkanından məhrum edirdi.
Müstəqilliyimizi bərpa etdikdən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün çox iş görüldü. Qanunvericilik bazası təkmilləşdirildi, kəndliyə maddi və mənəvi dəstək göstərildi, on növ verginin doqquzundan azad olundu. Qeyd edək ki, güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verilir. Demək, güzəştli kreditlərdən daha çox fermerlər istifadə edirlər. Dövlət onları torpaq vergisindən savayı bütün növ vergilərdən azad edib, üstəlik, istifadə etdikləri yanacaq, sürtkü yağları, mineral gübrələr üçün dotasiya ödənilir, həmçinin kənd təsərrüfatı texnikası və damazlıq heyvan və toxumları aşağı qiymətə satır. Məqsəd fermerlərə bol məhsul istehsalı üçün imkan yaratmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Bu gün inamla deyə bilərik ki, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlər görülüb. Bunun nəticəsində son illər bir çox məhsulların istehsalında faizlə deyil, dəfələrlə artım müşahidə edilir. Lakin xoşagəlməz hal odur ki, belə bolluqdan istifadə edən bəzi işbazların məhsulu kəndlidən ucuz qiymətə alıb bazarda baha satmaları haqlı narazılığa səbəb olur.
Dünyada istehsal edilən hər bir məhsulun dəyəri var və qiymət də bu dəyərə uyğun formalaşır. Yəni, istehsal edilən məhsul maya dəyərindən baha satılmalıdır ki, istehsalçı da qazanc götürsün. İstehsalçı qazanc götürməsə, fəaliyyətini dayandırmalı olar. Belə hal bazar iqtisadiyyatının tələbidir. Bu gün paytaxtda satılan məhsulla kəndlinin satdığı məhsulun qiyməti arasında kəskin fərq var. Belə ki, min bir əziyyət çəkib məhsul yetişdirən kəndli ya az qazanır, ya da demək olar ki, qazanmır. Arada olan işbazlar isə, necə deyərlər, “qaz vurub qazan doldururlar”. Avqust ayında jurnalist kimi bu məsələni araşdırdıqda məlum oldu ki, “Meyvəli bazar”da 8 kiloqramlıq yeşiklə dolu şaftalı 6 manata satıldığı halda, 4-5 kilometr məsafədə yerləşən Yeni Yasamalda bu məhsulun hər kiloqramı 2 manat 50 qəpiyə satılır. Belə ki, il boyu bu məhsulu yetişdirən kəndli kiloqramı 1 manat 30 qəpiyə satdığı halda işbazlar bundan dəfələrlə çox qazanır. Həmin bazarda yemişin 1 kiloqramı 30-50 qəpik arasında satıldığı halda paytaxtda 1 manat 50 qəpiyə satılır. Bu hal bütün kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunur. Görün, nə qədər qiymət fərqi var. Kimi zəhmət çəkir, kimi də zəhmət çəkmədən pul qazanır. Uduzan istehsalçı, narazı qalan da şəhər sakinləridir.
Belə halda məşhur “Nə etməli?” sualına cavab axtarmalı oluruq. Dövlət topdan və pərakəndə satışla məşğul olmur. Ancaq bazarda məhsul satışının tənzimlənməsi üçün mütləq alternativ olmalıdır. Bu işlə bələdiyyələr məşğul ola bilərlər. Şəhərin bütün rayonlarında bələdiyyələrin satış məntəqələri və mağazaları fəaliyyət göstərməlidir. Hətta məhsulun səyyar qaydada ixtisaslaşdırılmış maşınlarla satışını da təşkil etmək olar. Təki istək olsun...
Burada bir məqama toxunmaq istərdik. Heç kəsə sirr deyil ki, paytaxtda sakinlər bəzi bələdiyyələrin fəaliyyətindən narazıdır. Onlara bu barədə irad tutulanda "neyləyək, vəsaitimiz yoxdur” deyirlər. Bu da vəsait qazanmağın bir yolu!
Dünya təcrübəsində də belə hal mövcuddur. Ancaq bir şərtlə: bələdiyyələr qazanc götürmək üçün işbazlarla yarışa çıxmamalıdır. Mağazaların, satış məntəqələrinin və səyyar maşınların üzərində bələdiyyələrə məxsusluğu qeyd edilməlidir. Alıcılar da bilməlidirlər ki, burada qiymətlər münasibdir. Belə alternativ variant işbazların əl-qolunu bağlayacaq. Bir sözlə, təklif bizdən, istək sizdən...
Rüstəm KAMAL (Azərbaycan qəzeti)
MilliYol.Az