Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun 10 min manat cərimələnməsi barədə məhkəmə qərar çıxarıb
O, vaxtilə parlament seçkisində anasının nümayəndəsi olmuş Fərman Məmmədova görə cəzalandırılıb. Deputat oğlu F.Məmmədov haqqında yalan məlumatlar yaymaqda təqsirli bilinərək cərimələnib.
Binəqədi Rayon Məhkəməsində bu çəkişmə üç ildir davam edirdi. Bu işdə məhkəməyə ilk müraciət edən H.Axundov özü olmuşdu. O, beş nəfərə (Fərman Məmmədov, Şahin Məhərrəmov, Elvin Vəliyev, Sabir Ağayev və Firuz Həşimov) qarşı iddia qaldırmışdı. İddia edirdi ki, bu adamlar müxtəlif sayt və qəzetlərdə onun haqqında şərəf və ləyaqətini ləkələyən, yalan məlumatlar yayıblar. Bundan sonra F.Məmmədov məhkəmədə qarşılıqlı iddia qaldırmışdı.
Hakim Kamran Əsədov deputat oğlunu cərimələməklə yanaşı, onun da beş nəfərə qarşı iddiasını qismən təmin edib – adları çəkilən şəxslərin hər biri H.Axundova 10 min manat ödəməlidir.
Məhkəmənin gedişində prosesə E.Axundova özü də qoşulub – müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində. Oğlunun iddia qaldırdığı beş nəfərdən dördünə (F.Həşimov istisna olmaqla) qarşı tələb irəli sürüb. Deputat da həmin şəxslərin onun haqqında yalan məlumatlar yaydığını iddia edirdi. E.Axundova özəlliklə Müdafiə Nazirliyinin tenderlərində müəyyən yollarla qalib elan edilməsi haqda yazılara etiraz edirdi.
Hakim onun da iddiasını qismən təmin edib – dörd nəfərin hər biri 10 min manat da E.Axundovaya ödəməlidir. F.Məmmədov da məhkəmənin gedişində E.Axundovaya münasibətdə qarşılıqlı iddia qaldırmışdı. Ancaq onun iddiası təmin olunmayıb.
Yuxarıda adları çəkilən şəxslərlə E.Axundova və oğlu arasında böyük pul qalmaqalı var. Həmin məsələ ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir. Birgə iş qurmaq adıyla adamları aldadıb pullarını əllərindən almaqda suçlanaraq həbs olunan Elnur İbrahimov isə H.Axundovun dostudur. Ancaq F.Məmmədov və digərləri iddia edir ki, onlar pulu deputatın oğluna veriblər. İş materiallarından da görünür ki, məsələn, F.Məmmədovdan alınmış pulun bir hissəsini deputat E.Axundova özü qaytarıb.
Həmin şəxslər E.Axundova və oğlundan müxtəlif dövlət orqanlarına şikayət məktubları göndəriblər. Məktublara deputatın səs yazıları da əlavə olunub. Səs yazıları sosial şəbəkələrdə də yayılıb və orada E.Axundova Müdafiə Nazirliyindən pul aldığını etiraf edir.
Axundova səs yazısının ona məxsus olduğu indiyədək təkzib etməyib, amma bu söhbətin 2013-cü ildə baş verdiyini, orada deyilənlərin montaj edilməməsindən əmin olmadığını deyib, gizli səs yazmağın isə cinayət olduğunu vurğulayıb.F.Məmmədov Binəqədi Rayon Məhkəməsinin qərarının qərəzli və ədalətsiz olduğunu bildirib. Azadlıq Radiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcək: «Kamran Əsədov faktiki heç bir araşdırma aparmadan, hazır qərarı elan etdi. Qərarı elan etmək üçün müşavirə beş dəqiqə çəkdi. Beş dəqiqəyə onu yazmaq mümkün deyil.
Kamran Əsədovdan əvvəl bu iş iki hakimdə olub. Görünür, onlar belə qərəzli qərar çıxarmaq istəməyiblər, ona görə proses üç il uzanıb. Qərarda elə məqalələrə istinad olunub ki, mənə heç bir aidiyyəti yoxdur».
Deputatın vəkili Rövşən Yusifov isə deyir ki, bu qərar E.Axundova haqqında yayılmış məlumatların həqiqətəuyğun olmamasını sübut edib: «Qərarda eyni zamanda göstərilib ki, cavabdehlər deputat haqqında yaydıqları həqiqətəuyğun olmayan məlumatları təkzib etməlidirlər».
MilliYol.az