ABŞ-da mal və xidmətlərin idxalı rekord səviyyədə artdığı üçün iyulda ticarət kəsiri artaraq cari ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb
Azərtac xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyinin məlumatına görə, mal və xidmətlərin balansında kəsir (ABŞ-da istehsal olunan malların başqa ölkələrə ixracı ilə idxalı arasındakı fərq) cari ilin iyununda qeydə alınmış 45,7 milyard dollardan iyulda 50,1 milyarda çatıb. İxracın həcmi 211,1 milyard dollara qədər (1 faiz) azalıb. Yük avtomobillərinin və kompüterlərin alışından sonra idxalın həcmi rekord səviyyədə – 261,2 milyard dollara qədər (0,9 faiz) artıb.
Kəsirin azaldılması istiqamətində Prezident Donald Trampın ticarət sazişlərinə yenidən baxılması və idxal rüsumlarının artırılması üzrə səyləri nəticəsiz qalıb.
Ötən ay Birləşmiş Ştatlar Çin mallarına 50 milyard dollar həcmində tarif tətbiq ediblər. Tramp, həmçinin, alüminium və polad idxalına rüsumlar qoyub, eləcə də xaricdən avtomobillərin gətirilməsinə tariflər tətbiq etmək niyyətindədir ki, bu da Avropa İttifaqı ilə əlaqələrin pozulmasına gətirib çıxara bilər. ABŞ Prezidenti Kanadanı da Şimali Amerika Azad Ticarət Zonası haqqında Sazişdən (NAFTA) çıxarmaqla hədələyib.
Lakin Trampın aqressiv iqtisadi siyasəti ticarət göstəricilərinə səmərəli təsir göstərməyib. Belə ki, iyul ayında Çinlə mal kəsiri 10 faiz artaraq rekord həddə – 36,8 milyard dollara, Avropa İttifaqı ilə 17,6 milyard dollara (50 faiz), Kanada ilə 3,1 milyard dollara (58 faiz) çatıb. Həmin ayda Meksika ilə ticarət kəsiri 25 faiz azalaraq 5,5 milyard dollara çatıb.
MilliYol.Az