Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, təcrübəli diplomat kimi ona ölkəmizdəki xidməti fəaliyyəti müddətində uğurlar arzulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsrlər boyu mehribanlıq şəraitində və dinc yanaşı yaşayan xalqlarımızın mənafelərinə cavab verdiyi, hər iki ölkənin Prezidentləri İlham Əliyevin və Vladimir Putinin dostluq münasibətlərinə və siyasi iradələrinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə, o cümlədən iki dövlətin aidiyyəti orqanları arasında uğurla inkişaf etdiyi, bugünlərdə Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfər etməsindən, orada aparılan danışıqlardan, imzalanan sənədlərdən sonra ikitərəfli əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, Daxili İşlər Nazirliklərini də sıx təmaslar və peşəkar əlaqələr birləşdirdiyi, səmərəli işbirliyinin ilbəil daha da möhkəmləndiyi bildirilib.
Daha sonra mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.
Nazir cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər” Xidmətinin və “102 Xidməti” Zəng Mərkəzinin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin əlaqəli fəaliyyətinin hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmininə müsbət təsir göstərdiyini deyən nazir son illər qarşılıqlı faydalı işbirliyinin müxtəlif istiqamətlərində, xüsusən transmilli mütəşəkkil cinayətkarlığın növlərinə, o cümlədən, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, insan alverinə qarşı mübarizədə, həmçinin cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması sahələrində müsbət nəticələr qazanıldığını məmnunluqla xatırladıb.
Səfir Mixail Boçarnikov səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edərək daxili işlər nazirlikləri arasında əməkdaşlığın vəziyyətindən məmnunluğunu bildirib. O, hazırkı görüşün də ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələri olduğunu xatırladaraq bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
MilliYol.Az