ATƏT-in Donbasda fəaliyyət göstərən xüsusi monitorinq missiyasının yaydığı məlumat Ukraynada qalmaqala səbəb olub
ATƏT nümayəndələri Donetskdə “Separ” kafesində baş verən partlayışda qondarma “DXR”-in rəhbəri Aleksandr Zaxarçenko və onun mühafizəçisinin öldüyü barədə hər hansı informasiya almadıqlarını bildiriblər.
ATƏT-in hesabatında “Donetsk şəhərində yerləşən V.Qusak adına təcili və bərpaedici cərahiyyə insitutunun əməkdaşları onlara müxtəlif dərəcəli xəsarət almış 6 nəfərin gətirildiyini, lakin bundan başqa hər hansı informasiyanın təqdim olunmadığı” bildirilib.
Eyni gündə Donetskin M. Kalinin adına vilayət klinik xəstəxanası isə silahlı dəstələrin komandirlərinin icazəsi olmadan mətbuata hər hansı məlumat verməkdən imtina edib.
ATƏT missiyasının öldürülən şəxslərin meyitlərini görmədikəri barədə verdiyi açıqlamadan sonra Ukraynada A.Zaxarçenkonun əslində ölmədiyi barədə xəbərlər dolaşmağa başlayıb. Ukrayna mətbuatı isə hadisəni bu yaxınlarda jurnalist Arkadi Babçenkonun yalandan öldürülməsi, daha sonra üzə çıxması faktı ilə müqayisə etməyə başlayıblar.
Hətta ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşşenko da öz Facebook səhifəsində Zaxarçenkonun ölümünün müəyyən məqsədlərlə biriləri tərəfindən uydurula biləcəyini yazıb.
Doğrudur, bir neçə saat sonra Anton Geraşşnko bu fikirdən vaz keçərək yeni statsunda “qondarma “DXR”-in başçısı Aleksandr Zaxarçenko “Givi” və “Motorola” ilə birlikdə cəhənnəmə vasil olduğunu” qeyd edib.
Lakin Zaxarçenkonun ölmədiyi barədə şayiələr səngimək bilməyib. Ukraynalı politoloq Aleksandr Yakubov “Moskovski komsomolets” qəzetinə verdiyi müsahibədə hadisədən dərhal sonra guya qatillərin tapılması barədə xəbərlərin Zaxarçenkonu ölümün əslində səhnələşdirildiyi versiyasını gücləndirdiyini bildirib.
Bundan başqa, hadisə vaxtı Zaxarçenkonun düz yanında olan, qondarma “respublika”nın “gəlirlər naziri”, "Daşkənd" ləqəbli Aleksandr Timofeyevin sağ qalması və üstəlik, dəfndə iştirak etməsi şayiələri daha da möhkəmləndirib.
Ukraynanın “İnformasiya müqaviməti” qrupunun koordinatoru Yuri Karin “Faktı” saytına verdiyi müsahibədə A.Zaxarçenkonun cansız bədəninin heç kim tərəfindən görülməməsinin də onun sağ qalması söyləntilərinə yol açdığını bildirib. Doğrudan da dəfn zamanı rus ənənələrinə zidd olaraq Zaxarçenkonun tabutunun açıq vəziyyətdə deyil, qapalı saxlanması şübhələri daha da artırırb.
Ukrayna Ali Radasının deputatı Dmitri Tımçuk Zaxarçenkonun Yanukoviçin yanına qaçıdığı barədə xəbərlər dolaşdığını deyib. Lakin deputatın fikrincə, Putinin ukraynalı separatçının ölümünə verdiyi sərt reaksiya onun sağ qalması və ya ölümünün quraşdırıldığı versiyasını rədd edir.(musavat.com)
MilliYol.Az