...Bu ilin əvvəllərində Hindistan KİV-lərində iş adı ilə aldadılaraq Azərbaycana gətirilən və burada müvafiq sənədləri olmadığı üçün Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb xüsusi Mərkəzə yerləşdirilən hindistanlının müraciəti yayılmışdı
Hossain Abdulla adlı həmin hindistanlı videomüraciətində Azərbaycanda ağır şəraitdə yüzlərlə digər hindistanlı, banqladeşli ilə birlikdə saxlanıldığını deyirdi və baş nazir Narendra Modidən kömək istəyirdi.
Bu müraciət geniş rezonans doğurdu. Dövlət Miqrasiya Mərkəzinin keçmiş rəhbərliyi məcbur olub jurnalistlərin Mərkəzə “ekskursiyasını” təşkil etdi və bu dəfə normal şəraitdə oturub Hindistan yeməklərindən yeyən həmin Abdulla saxlanma şəraitindən heç bir şikayəti olmadığını dedi. Bildirdi ki, saxlanılarkən “həyacanlı olduğu üçün” baş nazirə elə müraciət göndərib, əslində Qanunsuz Miqrantların Saxlanma Mərkəzində onlarla çox yaxşı rəftar edirlər. Hətta Hindistan milli yeməkləri bişirib verirlər.
Bəs Hossain Abdullanı və yüzlərlə digər hindistanlını, banqladeşlini yaxşı maaşlı iş adı altında aldadıb Azərbaycana gətirənlər və pullarını ələ keçirənlər kimlər idi?
Virtualaz.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abdullanı və onlarla digər hindistanlını “neft şirkətində işə düzəltmək” adı altında aldadıb Azərbaycana gətirən mütəşəkkil qrupun üzvlərinin məhkəməsi gedir. Bunlar Hindistan vətəndaşları Məhəmməd Şakir ( Mohammed Shakir), Alimuddin Şaix (Alimuddin Shaikh), SK Allarakha və Pakistan vətəndaşı Sacid Frazdır (Sajid Frazdır). Onların əməllərindən zərər çəkənlərin sayı isə cəmi 89 nəfərdir. Lakin bu Şakirin sxeminin güdazına gedən hindistanlıların hamısı deyil, onlardan bir çoxu şikayət verməməyi və dabanlarına tüpürüb Azərbaycandan getməyi üstün tutublar.
Son illər ən mürəkkəb sxemlərdən istifadə olunmaqla törədilən dələduzluq cinayətlərinin baş alıb getdiyi (belə cinayətlərdə əsasən tamahkarlar və sadəlövhlər qurban kimi seçilir) Azərbaycanda bu hindistanlıların qurduğu sxem əslində primitivdir. Ancaq yoxsul, işsiz-gücsüz, savadsız hindistanlı gəncləri aldadıb bu sxemə cəlb etmək onlar üçün xüsusi çətinlik törətməyib. Bu yazıq hindistanlılar yəqin ki, Azərbaycanın zəngin neft ölkəsi olduğu haqda haradasa eşidiblər və buraların təxminən Küveyt, Qətər kimi bir yer olduğunu təxmin ediblər. Axı Yaxın Şərqin zəngin neft ölkələrində ərəblər əllərini “qara işlərə” vurmur, bu işləri Hindistandan, Banqladeşdən, Çindən gedən ucuz işçi qüvvəsi görür.
Beləliklə, cinayət işinin materiallarına əsasən fırıldaqçıların başçısı Məhəmməd Şakir həmin fırıldaq sxemini qurmaq üçün 2017-ci ilin oktyabrında Azərbaycana gəlib və burada hazırlıq işlərinə başlayıb. Müstəntiqlərin dili ilə desək cinayət işinin digər fiqurantları ilə mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb, əldə olunacaq gəlirin necə bölüşdürüləcəyi müəyyənləşib. Və Şakir başlayıb Hindistandan Azərbaycana, “neft sektorunda işləməyə” işçi qüvvəsi cəlb etməyə.
Şakir və dəstəsi bu məqsədlə Hindistanda fəaliyyət göstərən müxtəlif konsaltinq şirkətləri, işədüzəltmə büroları ilə əlaqə yaradıblar. Onlara Azərbaycanın neft sənayesi müəssisələrində yüksək maaşlı vakant iş yerləri barədə məlumatlar təqdim ediblər. Və Şakir və adamları özlərini Azərbaycanın neft sənayesi müəssisələrinə işçi seçib yerləşdirməyə səlahiyyətli şəxslər kimi təqdim etmək üçün SOCAR-ın “Oil & Gas Consturction Trust” törəmə müəssisəsinin (“Azərdənizneftinşaat” və “Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında yaradılmış müəssisə) adından saxta məktub hazırlayıb göndəriblər. Məktubda göstərilirdi ki, Şakirlə bağlanmış müqavilənin şərtlərinə əsasən onun Hindistandan gətirəcəyi işçilər həmin şirkətdə işlə təmin olunacaqlar. Vəd olunan maaşlar isə günü 1-2 dollara işləyən yoxsul hindistanlılar üçün fantastik idi-800 dollardan 1500 dollara qədər.
Əlbətdə, Azərbaycanın neft müəssisələrində bu cür gəlirli iş yerləri barədə elanları görən hindistanlılar işədüzəltmə bürolarına, Şakir və adamlarının əlaqə qurduğu konsaltinq şirkətlərinə axın ediblər. Və Azərbaycana aviabilet, elektron vizanın alınması, işçi vizası və digər sənədlər üçün onlardan həmin şirkətlərə 1200-4600 dollar arası məbləğlər ödəmək tələb olunurdu. Hansı ki, həmin pulların bir hissəsi Şakirin bank hesabına köçürülürdü və bundan sonra gələcək hindistanlı “neftçi” elektron viza ilə təmin olunub təyyarə ilə Azərbaycana uçurdu...
Əhvalatın bundan sonrakı hissəsi isə doğrudan da tragikomikdir, Mirzə Cəlilin “Poçt qutusu” hekayəsinin süjetinə bir az oxşarlığı da var.
Belə ki, Şakir və adamları iş dalınca Bakıya uçan hindistanlıları hava limanında qarşılayaraq onları qruplar halında əvvəlcədən kirayə götürülmüş evlərə yerləşdiriblər. Bu evlər isə neft mədənlərinin ərazisində, Balaxanı, Ramanı və Suraxanı qəsəbələrində, o cümlədən Maştağada yerləşirdi. Şübhəsiz ki, hindistanlı fırıldaqçı evləri kirayələmək üçün təsadüfən bu yerləri seçməmişdi. Neft sənaysində işləmək üçün Bakıya gələn hindistanlıların burunlarına dərhal neft iyi gəlsə , hər gün qaldıqları evlərin pəncərəsindən neft buruqları görsə onlar aldadıldıqlarından qətiyyən şübhələnməzdilər. Ən azından Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrant kimi saxlanılana qədər.
Beləliklə, Şakir və adamları hindistanlı “neftçiləri” kirayə evlərdə qruplar halında yerləşdirdikdən sonra onları Balaxanı, Sabunçu və Ramanı qəsəbələrinin ərazilərində işlək neft buruqlarının yanına aparır, “buralarda işləyəcsiniz” deyib onlara işə başlamağı tapşırır. Hinistanlıların “işi” isə neft buruqlarına nəzarət etmək, hər 15-20 dəqiqədən bir buruqlardakı cihazların göstəricilərini xüsusi blanka qeyd etmək və “nəsə baş versə” dərhal pakistanlı Sacidi, bir də “Neft Şirkətində işləyən Musanı” telefonla məlumatlandırmaqdan ibarət idi.
Maraqlıdır, birdən birə xeyli hindistanlının neft buruqlarının yanında peyda olub nəsə qeydlər aparmasından həmin buruqların sahibləri olan şirkətlərin (“AzGerNeft”, “Surakhani Oil”, “Balakhani Oil”) işçiləri niyə xəbər tutmayıblar, yaxud hindistanlıların bu mədənlərdə nə axtardıqlarından niyə şübhələnməyinlər, burası qaranlıq qalır.
Amma hindistanlı “neftçilər” öz işlərində idi və onlar hər gün kirayə qaldıqları evlərdən çıxıb buruqların yanına işə gedir, axşam geri qayıdıb maaş almaq üçün səbrsizliklə ayın sonunu gözləyirdilər. Amma maaş əvəzinə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının reydi ilə üzləşəcəkdilər və sonrası Hindistan baş nazirinə videomüraciətə qədər gedib çıxacaqdı...
İstintaqa ifadəsində Şakir Azərbaycana əslində “paltar və turizm biznesi” ilə məşğul olmaq üçün gəldiyini deyir. Bildirir ki, Sacid Frazı Azərbaycana gələndən sonra tanıyıb. “Sacid azərbaycanca bilirdi, Musa adlı tanışının Neft Şirkətində işlədiyini deyirdi. Əslində bu işlərə Sacid başçılıq edib. O, tez-tez Vətən və Musa adlı şəxslərlə telefonla danışırdı”-Şakir ifadəsində bildirir.
Dəstənin digər üzvü A.Shaikh isə Azərbaycan haqda Nurcan (Noorjhan) adlı qız tanışından eşitdiyini deyir. Həmin qız deyibmiş ki, Azərbaycan yaxşı, pullu ölkədir, Hindistandan çoxları işləmək üçün ora gedir. Və həmin hindistanlı iş dalınca ötən il Azərbaycana gəlib və burada dörd hindistanlı ilə birlikdə hansısa hosteldə qalıb. Amma iş tapa bilməyib. Noorjahın ofisindən tanıdığı Mohammad Shakirlə əlaqə saxlayıb və onun Bakıda kirayə qaldığı mənzilə köçüb. Və günlərin birində Şakir ona deyib ki, Azərbaycanda iş axtarmağı mənasızdır. Onlara yalan vədlər verib gətiriblər. Amma istəsə ayı 500 dollara iş düzəldə bilər. Həmin iş isə Hindistandan adamları iş adı ilə aldadıb Azərbaycana gətirməkdən ibarət idi...
A.Shaikh bu işə qoşulur və dediyinə görə 10-a yaxın hindistanlını Azərbaycana gətirməyə nail olur. “Onları Mohamedin Azad adlı tanışının qara “Mercedes” avtomobili ilə hava limanında qarşılayıb müxtəlif ünvanlarda yerləşdirirdim, o aldığım pulu Mohamedə verirdim”-təqsirləndirilən belə deyib.
SK Alarakhan adlı dəstə üzvü isə Azərbaycana ötən ilin dekabrında gəlib. Dediyinə görə onun özü də iş axtarmağa gəlmişdi, amma burada Şakirə tuş gəlib. Bakının Suraxanı rayonu ərazisndə, “Buta Palace” şadlıq sarayının yaxınlığında 3 mərtəbəli evdə 15-20 nəfər hindistanlı ilə birlikdə qalıb. Şakirin sxeminə qoşulduqdan sonra Hindistandan 35-40 nəfəri aldadıb Bakıya gətirib. Deyir ki, buna görə Şakir ona 1000 dollar verib. “Mən ölkəmə qayıtmaq istəyirdim, Mohammed imkan vermədi”-o deyib.
Pakistanlı Sajidin ifadəsinə əsasən isə o, 2016-cı ildə təhsil almaq üçün Azərbaycana gəlib. Burada Günel Qasımova adlı qadınla evlənib. Bir neçə ay “Book tour” şirkətində bələdçi işləyib, Dubaydan, Hindistandan və Pakistandan turist qrupların qarşılanması, yerləşdirilməsi ilə məşğul olub
Bu pakistanlı deyir: “Tajuddin mənə zəng vurub şəriki Mohamedlə birgə Bakıya işləməyə gəlmək istədiklərini dedi, onlara ev tutmağımı xahiş etdi. Onlara “Neftçilər” metrosunun yaxınlığında ev tutdum, hava limanında qarşılayıb apardım. Sonradan Mohamedin yanına Alimuddin və bir neçə nəfər də gəldi. Əlavə gələnlərin yerləşdirilməsi üçün Ramana qəsəbəsi ərazisində, “Buta” sarayına yaxın yerdə Vətən adlı polis əməkdaşına məxsus üç mərtəbəli villaya köçdülər. Mən yalnız Mohamedin göstərişlərini yerinə yetirmişəm. Alimuddin və Alarakhanı da Mohamedin yaxın adamları kimi tanımışam. Mənim qazancım yalnız müxtəlif evlər tapmaqdan, ev sahibi istədiyi qiymətdən artıq pul almaqdan ibarət olub. Musa adlı şəxsi tanımıram. Onunla birgə neft buruqları olan yerə heç kimi aparmamışam, işlə təmin edilməsi adıyla aldatmamışam”.
Amma zərərçəkmişlər başqa cür danışıb. Məsələn, zərərçəkmiş Shivaratri Yakaiah ifadəsində göstərib ki, işlə təmin olunmaq üçün Hindistanda agentə 800 dollar ödədikdən sonra Azərbaycana gəlib. Onları hava limanında qarşılayıb Ramana qəsəbəsinə aparıblar. M.Shakir qısa müddətdə 650 dollarlıq işlə təmin olunacağını deyib, ondan əvvəlcədən 300 dollar pul alıb. Bir neçə gündən sonra isə Mohamedin göstərişi ilə Pakistanlı Sajid onları qaldıqları evin yaxınlığındakı neft buruqlarının yanına aparıb: “Bizə burada işləyəcəyimizi, növbə ilə işə çıxacağımızı dedilər. Hansısa buruq dayansa dərhal Sajidə məlumat verməli olduğumuzu dedilər. Bu işə görə kirayə və yemək xərcləri çıxılmaqla ayda 650 manat almalı idik. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılana kimi hər gün həmin işlə məşğul olmuşam...”
Jay Gopal,Ajay Kumar, Rinku və Sushil Kumar adlı zərərçəkmişlər də eyni məzmunlu ifadələr veriblər. Deyiblər ki, Sajidlə Musa onları neft quyularının yanına aparıblar, hərəsinə bir quyu göstərib buruqlara nəzarət edəcəklərini deyiblər. Tapşırıblar ki, 15 dəqiqədən bir quyunun üzərində olan cihazın göstəricilərini xüsusi blankda qeydə alıb onlara təqdim etsinlər.
...İstintaq bu cinayət işinin digər fiqurantlarının-heç bir sənədləri olmayan hindistanlılara evlərini kirayə verənlərin, qanunsuz miqrantların ora-bura daşınması ilə məşğul olan taksi sürücülərinin də ifadələrini (şahid qismində) alıb. Amma hindistanlı fırıldaqçılarla əlbir olduğu deyilən Musa haqda istintaq materiallarında məlumat yer almır. Qeyd etmək lazımdır ki, bu son illərdə Azərbaycana Hindistan, Banqladeş, Pakistan kimi ölkələrdən qanunsuz miqrantların iş adı ilə aldadılıb gətirilməsinə dair birinci hadisə deyil. Hindistan polisi də bu işlə məşğul olanların bir neçəsini həbs edib.
MilliYol.Az