Azərbaycanda öz işinin bilicisi olan tanınmış əttar Murad Məsud Publika.az-a müsahibə verib
Müsahibənin I hissəsini buradan oxuya bilərsiniz.
- Hər şəhərin özünəməxsus spesifik qoxusu olur. Bakı dedikdə hansı qoxular yada düşür?
- Maraqlı sualdır. Məsələn, əncirin, üzümün və isti qumun qoxusundan Bakını xatırladan ətir hazırlamaq olar. Bu qoxuları əldə etmək çətin deyil və hazırda kimlərəsə yeni bir ətir üçün ipucu vermiş olduq (gülür).
- Ətriyyatçının kimyanı bilməsi nə dərəcədə vacibdir?
- İstehsalatda iştirak edirsə, əlbəttə ki, vacibdir. Kimyanı nə qədər dərin bilsəniz, ətriyyat haqqında anlayışınız bir o qədər çox olacaq. Həmçinin ətirləri tanımaqda kömək edəcək. Lakin istehsalatda iştirak etmirsinizə, kimya elmini bilmək vacib deyil.
- Ətir seçimi haqqımızda hansısa informasiya daşıya bilir?
- Bizdə insanlar olduqları kimi görünmürlər, müəyyən tərəflərini pərdələyir və olduqlarından fərqli təəssürat yaratmağa çalışırlar. Bu mənada insanların ətir seçiminə əsasən xarakteri haqqında hansısa qənaətə gəlmək və fikir yürütmək çətindir.
- Həddən artıq parfum istifadə edənlərə nə demək istərdiniz?
- Tutarlı səbəb yoxdursa, sadəcə olaraq diqqət cəlb etmək istəyirlər. Gündəmdə olan brend ətirlər istifadə edən insanlar gördükdə, onların axına düşdüyü qənaətinə gəlirəm. Bu da onların seçimidir, nəsə demək ixtiyarımız yoxdur. Amma bəzən unudulmuş, az tanınan və ya az insan tərəfindən istifadə edilən ətirlərdə dayanan insanlar olur, daha çox diqqətimi onlar çəkir, öz individuallıqları ilə.
- Bunlardan birini seçin: acı, turş, şirin, duzlu və ya tünd. Və səbəbi?
- Şirin ətirləri qətiyyən xoşlamıram, çünki məni yorur. Xüsusən də xanımlar aşırı şirin, floral və feminen istifadə etdikdə düşünürəm ki, diqqət mərkəzində olmağa çalışırlar. Geyim seçimində də belədir. Həyatda olğunlaşmış insanlar bilir ki, həddən artıq açıq-saçıq geyim tərzinin altında bir mesaj var...
Acı dadları yeməkdə sevsəm də, ətirdə alınmır. Ümumiyyətlə, sırf acı notlardan ibarət ətir yoxdur. Mütləq başqa bir qoxu ilə tandem yaradılır.
Otomatik alternatif metin yok.
Turşməzə notlar məndə gözəl duyğular oyadır. Qışda, qarlı havada az miqdarda tünd ətir yerinə düşür. Ya da bəzən çiskinli hava olur, qaşına, kirpiyinə, saqqalına, şeh düşür. O ərəfədə tünd, tərkibi ədviyyəli, əmbərli ətir də oldusa hər şey tamamdır.
Duzlu ətirlər favorilərim arasındadır. Duzun özünün konkret qoxusu yoxdur, hansısa qoxular vasitəsilə duz qoxusunun assosiasiyasını yaratmaq mümkündür. Bu isə böyük zəhmət və vaxt tələb edir. Belə ətri sevə-sevə istifadə edərəm. Dəniz kənarında böyümüşəm, qumsalın istidə hiss olunan qoxusu ilə dəniz iyinin vəhdətinə aşiqəm...
- Ətrin qalıcı olması və qoxunun ətrafa yayılması üçün onu necə və haralara tətbiq etmək lazımdır?
- Təmiz dəriyə və təmiz paltarın üzərinə sıxılmalıdır ki, ətir özünü göstərə bilsin. Sintetik materialların üzərinə vurulan ətir pis nəticə verir. Təbii ki, ətir pambıq və kətan kimi təbii parçaların üzərində daha xoş qoxu yaradır.
Ətrin dəridə qalıcı olması və ən əsası özü kimi qalması üçün hər hansı əlavə qoxulu maddələrdən istifadə edilməməlidir. Məsələn, duş gelinin üzərindən ətir vursanız, qoxusunu dəyişəcək.
Bəzi brendlər ətrin eyni adda xüsusi kremlərini istehsal edir. İkisini bir arada istifadə etdikdə daha uzun müddətli qalır. Yağ qoxunu özündə həbs edir, odur ki yağlı dəri ətri öz üzərində daha çox saxlayır, quru dəridə isə daha tez buxarlanaraq uçub gedir. Yaxud da qoxusuz kremlərin üzərindən istifadə edə bilərsiniz. Şübhəsiz ki, ətrin qalıcı olmasında keyfiyyəti mühüm rol oynayır, onun yağlılıq dərəcəsi də yüksək olmalıdır.
Qalıcı ətir daha az ətrafa yayılır. Ətrin yayılması üçün qoxu molekulları buxarlanmalıdır. Ətrin daha tez buxarlanaraq qoxunun ətrafa yayılmasını istəyirsənizsə, ən yaxşısı münasib qiymətə aldığınız ətri bədənin isti və nəbzin atdığı yerlərə sıxın. Daha qalıcı olması üçünsə onu paltarın üzərinə vurun, az miqdarda nəm saçlara da vurmaq olar.
Otomatik alternatif metin yok.
- Azərbaycanda parfümeriyanın mövcud vəziyyətini və gələcəyini necə təsəvvür edirsiniz?
- Bu barədə nikbin sözlər demək olmur. Keçən il vitrinlərində özümün də hazırladığım bir neçə ətrin mövcud olduğu mağazalar şəbəkəsi açdıq. Nəticə olaraq maddiyyat yaradıcılığın önünə keçdi. Bu və bu kimi bir çox səbəblər olduqca ətir sənətinin inkişafından söhbət gedə bilməz.
Əttarlığı öyrənmək istəyənlər var. Çalışıram ki, onlara istiqamət verim. Lakin müəyyən hədəfə çatdıqdan sonra əlaqələri tamamilə kəsirlər və ya sui-istifadə edirlər, yaxud da özlərinin çata bilmədiyi məqama başqa bir insan çatırsa, onun haqqında neqativ fikirlər səsləndirirlər. Bəzən ətriyyat işi ilə topdansatış formada məşğul olanlar ehtiyat edirlər, rəqabətdən çəkinirlər, bəzi həqiqətlərin alıcılara çatdırılmasından səksəkədə olurlar və nəticədə süni maneələr yaradırlar.
Təvazökarlıqdan uzaq ola bilər, amma ətir haqqında məndən əvvəl və sonra da mənim qədər danışan, yazan-pozan, özünü həlak edən, bu sənətin sirlərini araşdıran ikinci bir adam tanımıram. Əgər varsa və bu müsahibəni oxuyursa, mənimlə əlaqə saxlasın. Bilgi mübadiləsi edərik, yeni işlər görərik. Müraciət edənlərin əksəriyyətinin birinci hədəfi qazanmaqdır, elə ikinci və üçüncü hədəf də qazanmaq olur. Hər kəs istəyir ki, daha çox pul qazansın, amma zəka, vaxt, enerji və ağıl sərf etmək istəmirlər, işə yaradıcı münasibət yox dərəcəsindədir. Bu kimi amillər ətriyyatçılığın Azərbaycanda inkişafını sual altına salır.
- Ətir yağları Azərbaycana hansı ölkələrdən gətirilir?
- Yağlar Avropa ölkələrindən, xüsusilə İsveçrə, Fransadan, çox az hallarda İspaniya və Türkiyədən gətirilir. Bəzən deyirlər ki, Dubaydan gəlir. Dubayın özünə belə ətir yağları Avropadan gətirilir.
İstər yağ, istərsə də sıradan ətirlər çox az qismini çıxmaqla bütünlükdə sintetikdir. Ərəblər özləri üçün təbii xammaldan hazırlanan ətirlərdən faydalanır. Onları belə Avropadakı zavodlar istehsal edir. Ən əsası isə Çindən ümumiyyətlə ətir yağları gəlmir.
- Eyni qoxunun başqa dərilərdə fərqli iy verməsi və başqalaşması normaldır? Dəri və qoxu arasında əlaqəni necə izah edirsiniz?
- Eyni ətir müxtəlif dərilərdə çox da fərqli qoxu verə bilməz. Dəri və qoxu arasında əlbəttə ki, əlaqə var. Sadəcə bu əlaqə çox ciddi dəyişikliyə səbəb olmur. Məsələn, tərli dəriyə vurulan ətirlərin qoxusu azca seçilə bilər. Həmçinin yağlı dəri ətri özünə həbs etdiyi üçün daha uzun müddət qalır və kəskinləşir, quru dəridə isə tam tərsi baş verir. Ümumilikdə dərimizin elə gücü yoxdur ki, ətrin molekulyar sistemini dəyişdirə bilsin.
- Bədən kimyası, qidalanma qaydası, qəbul etdiyimiz dərmanlar kimi bir çox faktor ətirlərin bədəndəki təsirini dəyişdirirmi?
- Yediyimiz qidalar və qəbul etdiyimiz dərmanlar bədənin qoxusuna təsir etdiyi kimi, avtomatik olaraq bu, ətirlərin qoxusuna da təsir göstərir. Ət, balıq, ədviyyat çox yeyən insanların dərisindən nisbətən kəskin qoxu gəlir. Kəskin qoxu ilə ətir birləşdikdə qismən də olsa fərqli nəticə alınır, bütünlükdə isə ətri dəyişə bilmir.
- Sizcə, əttar zövqü nədir və onu necə inkişaf etdirmək olar?
- Zövq insanın xarakteri, dini inancı, etnik göstəriciləri, kimliyi və s. bu kimi amillərdən asılı olaraq formalaşır. Bəzi əttarlar 70-80-ci illərin klassik və vintaj ətirlərini sevir, digər hissəsi şərq üslublu ətirlərə üstünlük verir, başqaları ancaq niş parfümlərlə məşğuldur və s.
Ətirlərdə və geyimlərdə hansısa tendensiyaların, standart dəbin olmasının tərəfdarı deyiləm. Toplumun ənənəsinə, inanclarına, əxlaqına təsir etmirsə və qıcıqlandırmırsa, hər istədiyini geyinə, eləcə də istədiyin ətri vura bilərsən.
Əttar zövqünün xüsusi bir tərifi yoxdur, ilk növbədə onun pisi yaxşıdan ayıra bilmək qabiliyyəti olmalıdır. Ümumiyyətlə, “pis və yaxşı nədir”, “onu kim təyin edir” kimi suallara cavab tapmalıdır. Ən azından sintetiki təbiidən ayırmağı bacarmalıdır. Bu qabiliyyəti inkişaf etdirmək üçün daha çox vaxt, ətirlərlə çalışmaq, oxumaq və əlindəki bütün resurslardan istifadə etmək lazımdır. Həmçinin qaragüruha qoşulub trendə qaçmamalıdır. Özünü sadəcə pul gətirən ətirlərin hazırlanıb satılmasına kökləməməlisən. Ətirlə yaşamalı və xoşbəxt olmağı bacarmalısan ki, yaradıcı iş görə biləsən.
Otomatik alternatif metin yok.
- Qış və yay, gündüz və axşam ətirləri… Belə bir bölünmə mövcuddurmu və ya bu, sadəcə marketinq işidir?
- Belə bir bölünmə mövcuddur. Amma marketinq səbəbiylə bu işi bir qədər də şaxələndirib və qəlizləşdiriblər.
- Mağazalarda bəzən satıcılar ətirlərin bir qisminin “gənc xanımlar” üçün, digərinin isə “yaşlı xanımlar” üçün daha uyğun olduğunu iddia edir. Həqiqətən ətirlərdə yaş kriteriyası var?
- Bu, həyata olan yanaşmamızdan asılıdır. Məsələn, xına saça xeyirdir, amma xına dedikdə ağlımıza yaşlı xanım gəlir. Halbuki, xınanı istənilən yaşda xanımlar istifadə edə bilər. Eyni hal ətirlərə də aiddir. Şən, dinamik və şirin qoxuların gənc xanımlar üçün məqsədəuyğun olması fikri formalaşıb. Vintaj ətirlədə istifadə edilən inqrediyentləri hiss edəndə elə düşünürük ki, yaşlı xanımlara daha uyğundur. Bu, xalqın mentaliteti və adət-ənənəsi ilə bağlıdır. Yaşlı, uşaq və gənclər üçün müəyyən geyim tərzləri olduğu kimi, ətirləri də müəyyən yaş kateqoriyasına əsaslandırmaq olar. Buna riayət etmək və ya etməmək mümkündür. Hər halda satıcının bölməyi düzgün deyil, buna alıcı özü qərar verməlidir.
- Parfum və tualet suyunun istifadə müddəti nə qədərdir?
- İlk növbədə günəş şüalarından, işıqdan, istidən qorumaq lazımdır, konkret istifadə müddəti yoxdur. Ətri qaranlıq yerdə, otaq temperaturunda öz qutusunda uzun müddət saxlamaq olar. Zirzəmiyə və ya evin sərin köşəsinə də qoymaq olar. Heç bir halda hamamda saxlamaq düzgün deyil. Hamamda temperatur dəyişikliyi mütəmadi olaraq baş verdiyi üçün ətir orada keyfiyyətini tez itirə bilər.
- Mövsümə əsasən ətir seçimi haqqında nə deyə bilərsiniz? Payızda hansı notlarda olan ətirlər seçək?
- Burada qəribə paradoks var. İş orasındadır ki, açıq ətirlər yayda daha tez buxarlanıb uçur. İsti ölkələrdə insanlar sitrus notlarından ibarət ətirlər vurmur. Buna səbəb açıq notların sürətlə buxarlanmasıdır.
Tünd ətir istifadə etdikdə qoxusu dəyişir, lakin bu proses Bakıda daha çətin gedir. Paytaxtın çox rütubətli olması qoxu sisteminə pis təsir edir.
Təravət və rahatlıq gətirməsi üçün yayda sərin ətirlər, payızdan qışa doğru karamel, qəhvə, yaxşı müşk, səndəl və əmbər qoxusundan hazırlanan ətirlərə yönəlmək olar. Hava sərinləşdikcə ətrin tündlüyü nisbətən artırmaq olar.
- Müsahibə üçün minnətdaram.
- Dəvətiniz üçün çox sağ olun. Sizə və bütün ətir sevərlərə uğurlar arzu edirəm.
MilliYol.Az