ABŞ prezidenti Donald Tramp Azərbaycan və Tacikistana səfirlərin təyinatı barədə qərarverməyə hazırlaşır
Ağ evdən bildirildiyinə görə Tacikistandakı səfir vəzifəsinə namizəd olaraq prezident Con Pommerşeymi irəli sürəcək. Pommerşeym karyeralı diplomatdır, ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir.
Trampın ABŞ-ın Bakıdakı səfiri postuna namizədi isə Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat İrli litsenberqerdir (Earle Litzenberger).
İrli Litsenberqer Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviridir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edir. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edir.
Litsenberqer uzun müddətdir diplomatik xidmətdə işləyir və Nazir Müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.
Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.
Litsenberqerin Bakıda səfir təyinatı üçün onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir. Xatırladaq ki, ABŞ-ın Bakıdakı səfiri postu uzun müddətdir boş idi.(virtualaz.org)
MilliYol.Az