“Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik. REAL Partiyası bütün seçkilərdə iştirak edəcək
Bu fikri sentyabrın 4-də mətbuat konfransı keçirən REAL Partiyasının sədri İlqar Məmmədov deyib.O, mətbuat konfransının əvvəlində onu müdafiə edən vəkillərə təşəkkürünü bildirib. İ.Məmmədov deyib ki, qələbəsində vəkillərin böyük xidməti olub.
İ.Məmmədov deyib ki, ona görə vəkil Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkil Fuad Ağayev də, onun deməsinə görə, təzyiqlərlə üzləşib: “Bunda məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək idi”.İ.Məmmədov vurğulayıb ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində bütünlükdə 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər.
“Həmin hakimlərə qarşı cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm”, o vurğulayıb.
REAL sədri İlqar Məmmədov ölkə iqtisadiyyatının hazırkı durumunu şərh edib.İ.Məmmədov deyib ki, əgər ölkə iqtisadiyyatı neftə bağlanırsa, neftin qiyməti düşəndə, büdcə də azalır.
O xarici borcların artmasına da münasibət bildirib. REAL lideri bunu “gələcək nəsillərin cibinə girmək” adlandırıb.
REAL Partiyası sədri deyib ki, bunun qarşısını almaqdan ötrü borclanma prosesi ciddi nəzarətə götürülməlidir. O vurğulayıb ki, daha sonra rəqabətə davamlı iqtisadiyyat yaradılmalı və xarici borcun qaytarılmasından ötrü konsepsiya işlənib hazırlanmalıdır.
İ.Məmmədov deyib ki, mövcud hökumət gedərsə, onlar gəlib vəziyyəti düzəldərlər.
REAL sədri 2015-ci ilədək həbsxanada ona təzyiqlərin olduğunu deyib.İ.Məmmədovun sözlərinə görə, 2015-ci ilə qədər ona cəzaçəkmə müəssisəsində ciddi təzyiqlər olub. REAL Partiyasının sədrinin deməsinə görə, hətta fiziki təzyiqlər belə göstərilib.
O vurğulayıb ki, sonradan isə hüquqi müdafiəsi zamanı müəyyən müdaxilələrlə üzləşib.
Penitensiar Xidmətin rəhbərliyi isə cəzaçəkmə müəssisələrində məhbuslara siyasi baxışlarına görə ayrıseçkilik edilməsi ilə bağlı deyilənləri qəbul etmir.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu bu il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Məmmədovu 2 il sınaq müddəti olmaqla azadlığa buraxıb.
Azərbaycan rəsmiləri isə insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər(amerikaninsesi.org).
MilliYol.Az