Leonid İsayev
“Əl-Cəzirə”
Nüvə sazişindən çıxışdan bəri, bir neçə aydır ki, Rusiya-İran əlaqələrində gərginlik haqqında şayiələr dolaşır. Tehran “xəyanətdən” qorxur, çünki Moskva, yaxın vaxtlarda tətbiq olunan iqtisadi sanksiyalar da daxil olmaqla, müxtəlif məsələlərlə bağlı ABŞ-la anlaşmağa çalışır.
İsrail səfəri zamanı, avqustun 22-də mətbuat konfransında, ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Rusiya prezidenti Vladimir Putinin iranlı qüvvələrin Suriyadan çıxarılmasını təsdiqlədiyini iddia edib. “Prezident Putin bunu mənə üç həftə əvvəl söyləyib… Onun sözlərinə görə, Rusiyanın Suriyadakı maraqları İranın maraqları ilə üst-üstə düşmür və İran qüvvələrinin hamısının çıxışından məmnun olacaq… Biz həm nizami, həm də qeyri-nizami İran qüvvələrinin tam çıxarılması mövzusunda anlaşdıq”.
Bolton ertəsi gün rusiyalı vəzifədaşı, Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevlə görüşüb, Rusiya ilə bu məsələyə dair möhkəm anlaşma əldə etdiyini iddia edib.
Beş saat davam edən görüşdən sonra Bolton jurnalistlərə bildirib ki, əvvəllər Helsinkidə Putin və Donald Trampın müzakirə etdiyi məsələ yenidən qaldırılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb. Onun sözlərinə görə, Patruşev İran əleyhinə neft sanksiyalarının dayandırılması əvəzinə, “İran qüvvələrinin coğrafi məhdudlaşdırılması” təklifini irəli sürüb; təklif amerikalılar tərəfindən rədd edilib.
Boltonun təklifi ilə Rusiya ABŞ seçkilərinə müdaxiləsini qəbul etmədikdən sonra rus səlahiyyətliləri ilə birgə bəyanat imzalanması baş tutmayıb. Bu və əvvəlki müzakirələrdə Vaşinqton Moskvanın “üstünə gedib”. Digər tərəfdən, Rusiya rəhbərliyi ABŞ-la bərabər səviyyədə danışıqlar aparmağa təkid edir.
Bununla yanaşı, ABŞ-ın Suriyaya dair təkliflərini rədd etmək üçün Moskvanın bir sıra digər səbəbləri var.
Rusiya İrandan imtina etməyə hazır deyil
Rusiya senatoru Aleksey Puşkov Cenevrədə aparılan danışıqlardan sonra deyib ki, “ABŞ rəhbərliyi Rusiyadan Suriyaya dair tam dönüş mənası verən mövqe dəyişikliyi gözləyir”. Rusiyadan situasiyalı müttəfiqindən – İrandan imtina etməyi xahiş edən Vaşinqton bunun qarşılığında Moskvaya nə verəcəyini dəqiqləşdirmir.
İrana münasibətdə Rusiyanın geri çəkilməsi əvəzinə, ABŞ sanksiyalarının yumşaldılacağı söylənir, lakin Moskva buna inanmır. Kreml yaxşı bilir ki, sanksiyaların ləğvi ABŞ prezidentinin deyil, Konqresin səlahiyyətidir. Bu, Suriyaya dair Trampla razılaşma imzalamanın sanksiyalarla bağlı heç bir irəliləyişi təmin etməyəcəyi deməkdir.
Üstəlik, Rusiya rəhbərliyi İranla bütün körpüləri yandırmağa hazır deyil. Suriya böhranına əlavə olaraq, Moskva və Tehran Xəzər regionunda və Əfqanıstanda enerji və təhlükəsizliklə bağlı müxtəlif məsələlər üzrə əməkdaşlıq edir. Bu əməkdaşlığı davam etdirmək istəyən yalnız İran deyil, həm də Rusiyadır.
Nəhayət, Rusiya hələ də ABŞ-a güvənmir və buna səbəb var.
Rusiya rəhbərliyi ABŞ-la danışıqlarda dəfələrlə İranı sövdə məmulatı kimi istifadə edib.
1995-ci ilin iyun ayında ABŞ vitse-prezidenti Al Qor və Rusiya baş naziri Viktor Çernomırdin 1999-cu ilin sonuna qədər İrana silah satışını yasaqlayan müqavilə imzalayıb. Bu razılaşma Rusiyaya 4 milyard dollara başa gəlib.
2009-cu ildə Dmitri Medvedev və Barak Obama administrasiyaları Rusiya-ABŞ münasibətlərində “yeni səhifə açmağa” dair razılığa gəliblər. Bir il sonra Rusiya BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinə uyğun olaraq, İrana “S-300” raket sistemlərinin satışını dayandırıb. Çünki TŞ-nin qərarı nüvə proqramı ilə əlaqədar bütün ölkələrə İslam Respublikasına ağır silahlar verməni yasaqlayıb.
Ancaq hər iki halda, Rusiya öhdəliklərini yerinə yetirsə də, Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə əsl “yeni səhifə” və ya istiləşmə baş verməyib. Rusiya İranı sövdə məmulatı olaraq istifadə etmədən heç nə qazanmayıb. Əksinə, həmin müqavilələrdən iqtisadi itkilərə məruz qalıb və iranlı müttəfiqlərinin inamını itirmək riskinə gedib.
Rusiyanın Tehran üzərindəki təsiri məhduddur
ABŞ-ın Suriyaya dair tələblərini rədd etmə üçün bəzi digər səbəblər də var və onlar Moskvanın nəzarətində deyil. Rusiya rəhbərliyi İranın Suriyadan çəkilməsini “qeyri-real” adlandırarkən, yalan söyləmir. Rusiya Suriya münaqişəsində əsas rol oynayır, lakin onun “müttəfiqləri” üzərində təsiri məhduddur.
İran qüvvələri Suriyadakı sərhəd bölgələrindən, İsrail işğalı altındakı Colan Təpələri ətrafından çıxdıqdan sonra Vaşinqton və Tel-Əviv Rusiyanın İranı Suriyadan tam sıxışdıra biləcəyinə inanmağa başlayıb. Ancaq Rusiya üç səbəbdən belə bir gözləntini doğrulda bilməz.
Birincisi, iranpərəst qüvvələrin Suriyanın cənub sərhədindən çıxması Moskvanın Tehrana təzyiqinin nəticəsi deyil, çünki İran rəhbərliyinin bunu etməkdə öz maraqları var.
Kreml İranın siyasi çevrələrini inandırıb ki, sərhəd zonasından könüllü çıxma yalnız İsraillə qarşıdurma riskini minimuma endirmir, həm də Suriya hökumətinə öz təsirini saxlamağa imkan verir. Ancaq Rusiyanın nizami və qeyri-nizami İran qoşunlarının Suriyadan tam çıxarmasının Tehrana və ya Əsəd rejiminə kömək edəcəyini iddia etmək də çətindir.
İkincisi, İran qüvvələrinin Suriyadan tam çıxışı mövcud şəraitdə əldə edilə bilməz. İranın İnqilab Keşikçiləri Korpusunun (İİKK) Suriyadakı layihəsi hakimiyyəti və sistemi ələ keçirmək deyil, onun bölünməz bir hissəsi olmaqdan, inteqrasiyadan ibarətdir. Suriyadakı yeddiillik vətəndaş müharibəsi dövründə iranlılar ölkənin silahlı qüvvələrinin strukturuna güclü şəkildə pərçimləniblər, onların aradan qaldırılması bütün sistemin iflasına gətirib çıxaracaq.
Üçüncüsü, avqustun 27-də İran və Suriya arasında hərbi əməkdaşlıq razılaşması imzalanıb və İranın Suriyadan tamamilə çəkilmə ehtimalı daha da imkansız olub.
Bütün bunlara əsasən, İranı Suriyanı çıxmağa məcbur etməkdə Vaşinqton Rusiyaya arxalana bilməz.
Tərcümə: Strateq.az
MilliYol.Az