“Azərişıq” ASCsədri Baba Rzayevin elektrik avadanlıqları və məhsulları üzrə ixtisaslaşmış iriçaplı biznesmen olması nəinki yerli ictimaiyyətə sirr deyil, hətta energetika üzrə məşhurlaşmış beynəlxalq jurnalistlər belə bu fakt barədə məlumatlıdırlar
Onun adı korrupsiya ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatların hesabatına düşsə də, beynəlxalq mediada hallansa da, bir dəfə də olsun deyilənləri təkzib edən açıqlama ilə çıxış etməyib, əksinə, susub.
“Azərişıq” ASC rəhbəri Baba Rzayev
Susmanın isə razılıq əlaməti olması köhnə məsəldir. Məqsədimiz köhnə palan içi tökərək Baba Rzayevin biznesmen olduğunu yada salmaq deyil, baş işıqçının yeni əməllərindən oxucuları agah etməkdir.
Əvvəla qeyd edək ki, “Azərişıq” ASC-nin hörmətli sədri digər iri çaplı məmurlardan fərqli olaraq nəzarət etdiyi biznes sahəsində tam monopoliya yaratmamışdı.
Bəzi elektrik məmulatlarını başqaları da, xüsusən də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətində olan sələfi tikinti məhsulları alverçiləri də gətirib sata bilirdilər.
Lakin Eldar Mahmudovun gedişindən sonra Baba Rzayev bu sahəni tam nəzarət altına almağa başlayıb və iddilara görə, bu məsələ ilə bağlı yeni gömrük şefi Səfər Mehdiyevlə razılığa gəlib.
Elektrik məhsullarının satışı ilə məşul olan iş adamlarının iddialarına görə, ölkəyə gətirilən elektrik mallarına qoyulmuş qeyri-rəsmi gömrük rüsumu iki dəfə artırılıb.
Səfər Mehdiyev
Bunun effekt vermədiyini görən Baba Rzayev-Səfər Mehdiyev tandemi rüsumu daha bir dəfə artırıblar. Nəticədə gətirilən malların qiyməti bir neçə dəfə qalxıb və bazarda sözügedən malların qiyməti xeyli artıb.
Çılçıraq idxalında isə Baba Rzayevin tam monopoliya tətbiq etmək fikrində olduğu bildirilir. Dövlət qurumlarına alınan böyük çılçıraqları onsuz da Baba Rzayevin şirkəti gətirirdi.
Artıq yeni “qaydalara” görə adi çılçıraqları da yalnız Baba Rzayevə məxsus şirkət gətirəcək. Digər çılçıraq idxalçıları özünə başqa iş tapsın.
Bəllidir ki, Baba müəllimin ailə üzvlərinin adına olan şirkətlər elektrik məhsullarının ölkəyə idxalından tutmuş, elektrik təchizatı və avadanlıqlarının alınması ilə bağlı dövlət sifarişlərinin icarsına qədər milyonların fırlandığı işlərlə məşğul olur.
Bəs görəsən, bu qədər qazanca malik bu oliqarxın yenidən belə bir ifrat monopolizmə sürüklənərək orta və xırda sahibkarın qanını qara etməsinə səbəb nədir?
İddialara görə, Baba müəllim son vaxtlar yuxarıdan tələbə olunan xərclərin artmasından şikayət edir və son günlər atdığı addımların səbəbi də bu imiş. Yoxsa Baba müəllim çox insaflı adamdır, deyirlər…(AzEuroNews.com)
MilliYol.Az