Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Moderator.az saytına müsahibəsində ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı səslənən təkliflər, ABŞ-ın Rusiya, İran və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, Ermənistan -Rusiya hərbi əməkdaşlığının genişlənməsi və s. media və ictimai sferada ən çox müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırıb
MilliYol.Az saytı həmin müsahibəni oxuclara təqdim edir:
– Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Sizcə Azərbaycanın bu qurumda təmsilçiliyi ölkəmizə istər öz təhlükəsizliyinin daha etibarlı təminatı, istərsə də Qarabağ probleminin həlli baxımından nə isə qazandıra bilərmi? İndiki situasiyada bu addımın faydası, yoxsa zərəri daha çox ola bilər?
– Mən həmişə qeyd etmişəm ki, Rusiyanın Qarabağ məsələsinin həllində təsiri olduqca böyükdür. Rusiya iki əsrdən çox bir dövr ərzində Qafqazı öz nüfuzu altında saxlayır. Təbii ki, indi də bu nüfuzdan istifadə edərək prosesləri öz nəzarətində saxlamağa çalışır. Lakin son zamanlar tamam fərqli bir situasiya yaranıb. Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Ermənistanla münasibətlərində ziddiyətlər yaranıb. Ermənistan yenidən, keçən əsrin sonlarında olduğu kimi, siyasi oyunlara başlayıb. Qərblə, xüsusilə NATO ilə yaxınlaşmaq istiqamətində ciddi addımlar atıb. Paşinyan hakimiyyətinin ilk aylarında bu proses ehtimal olunurdusa, son günlərdə bu daha açıq şəkildə görünür. Əslinə qalsa, Ermənistanın indiki halda Rusiyadan uzaqlaşma, Qərbə yaxınlaşma istiqaməti götürməsi, hələ 90-cı illərin əvvələrində SSRİ-nin mövcud olduğu dönəmdə o vaxt ki, Ermənistan prezidenti Ter-Petrosyan başlamışdı. İndiki vəziyyət həmin fəaliyyətin davamıdır. Təbii ki, belə bir vəziyyətə Rusiya biganə qala bilməz. İstər-istəməz Moskvanın Bakı ilə bir yerdə hərəkət etməsi zərurətə çevrilir.
Bizi birləşdirən ümumi nöqtələr yaranıb. Məntiqi nəticə bunu göstərir. Lakin faktlar tam əksini deyir. Torpaqlarımız 25 ildir işğaldadır, milyonlarla soydaşlarımız çox ağır şəraitdə yaşamağa məcbur olub. Bəyanatlarla iş həll olmur. Azərbaycan bir müstəqil dövlət kimi müxtəlif qurumlarda, o cümlədən 1992-ci il mart ayının 2-sindən etibarən BMT-də təmsil olunur. Amma təsdiq olunan ərazidən 20%-i faktiki olaraq bizim nəzarətimizdən çıxıb. BMT-nin 4 qətnaməsi stol üstündə qalıb, heç yada salmırlar. Ermənistan rəsmən işğalçı dövlət kimi tanınıb. Nə olsun, bunlar bizı nə verdi ki, yeni bir quruma, yəni KTMT-yə üzvlük bizə nə verəcək? Onsuz da Azərbaycan o təşkilatda təmsil olunan dövlətlərlə, o cümlədən Rusiya ilə kifayət qədər yaxın dostluq, əməkdaşlıq münasibətlərinə malikdir. Bu təşkilatda təmsil olunmasaq belə, Qarabağın və ətraf rayonların azad olunması bizim inkarolunmaz haqqımızdır. Yəni KTMT-də üzvlük məsələsi o qədər də vacib deyil.
Diqər bir tərəfdən, dünya açıq -aşkar qütbləşməyə meyllidir. Bir tərəfdə ABŞ və NATO, digər tərəfdə Rusiya və KTMT. Qərb Moskvanı zəiflətməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə çox ciddi addımlar atır. Yaxın vaxtlarda ABŞ və Rusiya münasibətlərinin normallaşması mümkün deyil, əksinə, bu ziddiyyətlər dərinləşəcək, buna bir çox amillər səbəb olur. Rusiyanın 90-cı illərin əvvəlində olduğu kimi Ermənistana təsir etmək imkanları gün-gündən zəifləyir. Əksinə, Qərbin İrəvanda nüfuzu artmaqda davam edir. İndiki dəyişikliklərdə bizim Rusiyanın rəhbərlik etdiyi KTMT-yə üzvlük məsələmiz digər mərkəzlərlə anlaşılmazlığa səbəb olması ehtimalı yüksəkdir.
Azərbaycan bundan qabaq da buna bənzər bir təşkilatdan istefa vermişdi, çünki maraqlarımıza cavab vermirdi. Hesab edirəm ki, KTMT-yə üzv olmasaq belə, istər Rusiya, istərsə də Qərb bizim haqlı tələblərimizin qarşısında maneçilik yaratmamalıdırlar. İndiki şəraitdə bu təşkilata üzvlük məsələsini məqsədəuyğun saymıram.
– Rusiya Ermənistanda “Kalaşnikov” avtomatı da daxil olmaqla bəzi silah-sursatların istehsalına hazırlaşır. Bununla bağlı Rusiya və Ermənistan arasında müvafiq müqavilələr də imzalanıb. Sizcə, Rusiyanın Ermənistanda hərbi-sənaye kompleksini genişləndirməsi Azərbaycanın maraqları baxımından hər hansı təhlükə kəsb edirmi?
– Bu müqavilə barədə məlumatım yoxdur. Amma belə bir müqavilə olsa belə nəyi dəyişdirir? Kim qarantiya verə bilər ki, sabahı günü hansı dünyada qarşılayacağıq. Dünya siyasəti liderlərin ziddiyətli qərarları ilə anlaqsız bir vəziyyətə çatıb. Bu yaxınlarda ABŞ İranla nüvə müqaviləsini birtərəfli şəkildə pozdu. Halbuki, bu müqaviləni tək ABŞ yox, diqər 5 nüfuzlu dövlətlərdə təsdiq etmişdi. Kim nə irad tutdu onlara? Əksinə, ABŞ digər dövlətləri sanksiyalara qoşmaq üçün təzyiq edir. Çünki bunu öz məqsədlərinə uyğun görürlər. İranla müqaviləni Rusiya Ermənistan silah istehsalı müqaviləsini müqayisə etmək belə olmaz. Düşünürəm ki, narahatçılığa əsas yoxdur.
– Son vaxtlar Azərbaycana qonşu olan dövlətlərin – xüsusilə də Rusiya, İran və Türkiyənin ABŞ-la münasibətlərinin əhəmiyyətli dərəcədə gərginləşməsi müşahidə edilir. Sizcə, Azərbaycanın ətrafında gərginliyin artması, regionda yeni münaqişə və qarşıdurmaların meydana çıxması Qarabağ problemini dünya ictimaiyyəti və beynəlxalq təşkilatların nəzərində arxa plana keçirə, bu problemin həllinə diqqəti azalda bilərmi?
– Məsələni belə qoymaq yanlış yanaşmadı. Biz müstəqil, suveren bir dövlət kimi öz ərazı bütövlüyümüzü bərpa etməliyik və sizi inandırım ki, buna nail olacağıq. Heç şubhəniz olmasın, bu bizim haqqımızdır! Ona görə Qarabağ probleminin həllində kiminsə, hansısa qlobal gücün marağının azalması narahat etməməlidir. Bu, onların öz işidir, bizim borcumuz isə bir xalq olaraq öz birliyimizi, iradəmizi nümayiş etdirməkdir. Ən həssas məqamlarda dövlət-xalq birliyi hər şeyi həll edir. Təbii ki, ABŞ – Rusiya, Türkiyə və İran münasibətlərinin gərginləşməsi bizə yaxşı heç bir şey vəd vermir. Xüsusilə, qardaş Türkiyə ilə ziddiyətlər arzuolunmazdır. Çünki Türkiyə bizim Avropaya, Qərbə açılan yolumuzdur. Bir qardaş ölkə olaraq onlara edilən haqqsızlıqlara göz yuma bilmərik. Türkiyəyə qarşı aparılan ikili standartlara son qoyulmalıdır. Eyni zamanda, İran da bizə yad ölkə deyil, müsəlman bir dövlət kimi orada baş verənlərə biganə qalmaq olmaz. Çoxəsrlik qonşuluq münasibətlərimiz bunu zəruri edir. Çox istərdik ki, bu ziddiyətlər, gərginliklər aradan qalxsın, amma bizdən asılı deyil. Bizim Qarabağ boyda dərdimiz var. Bölgədə bu gərgiliyin azalmasında Qarabağın işğalına son qoyulması mühüm amillərdən ən əsasıdır.
MilliYol.Az