Politoloq: “Türkiyə-Rusiya yaxınlaşması türk birliyinin daha da sıx birləşməsinə şərait yaradan bir amildir”
“Belə bir şayiə yayılıb ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olarsa, Qarabağ problemi həll olunacaq. Əslində Azərbaycan bu təşkilatın üzvü olsa belə, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunmayacaq”.
Bu sözləri politoloq Natiq Miri Qızğıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.
Bu gün Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov qarşılayıb.
Natiq Miri: “Bu gün çox strateji və həyati qərarlar verilməsə, bir çox ölkələr bu proseslərdən zərərlə çıxacaq”.
Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. O, qeyd edib ki, Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyəti və beynəlxalq siyasətə təsiri ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miri ilə müsahibə hazırlayıb.
PİA.AZ-a həmin müsahibəni oxucularına təqdim edirik:
- Natiq bəy, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) bu günə qədər fəaliyyəti barədə nə deyə bilərsiz? Hesab edirsinizmi ki, türkdilli dövlətlərin bu qurumu özünü doğruldub və bu qurumun Mərkəzi Asiyada regional güc olaraq çıxış etmə imkanlarını necə dəyərləndirirsiniz?
- Əslində bu cür potensial türk birliyində həmişə mövcud olub. Sadəcə müxtəlif geosiyasi maraqlar və özünü qoruma instinkti bəzən bu potensialın reallaşmasına imkan verməyib. Ancaq bu gün demək olar ki, dünyada və regiondakı situasiyada vəziyyət tamamilə dəyişib. Bu gün çox strateji və həyati qərarlar verilməsə, bir çox ölkələr bu proseslərdən zərərlə çıxacaq.
Məlumdur ki, dünya ticarətində bir dollar asılılığı mövcuddur. Çox təəssüf ki, ABŞ prezidenti Donald Tramp və onun adminstrasiyası istədiyi ölkəni cəzalandırmaq üçün dollar və faiz oyunları vasitəsilə sanksiyalar tətbiq edir. Bu isə bir çox ölkələr daxil, türk cümhuriyyətlərinə də müəyyən mənada zərər verir. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Türkiyənin dövlət başçısı R.T.Ərdoğanın dollardan imtina və türk cümhuriyyətləri arasındakı ticarətdə milli valyutalardan istifadə edilməsi ilə bağlı konkret təklifi ortaya qoyulub. Hətta bu istiqamətdə ortaq strateji qərarların alınması da gözlənilir. Sözün əsl mənasında bu cür qərarlar qəbul edilərsə, bu addım türk cümhuriyyətləri arasındakı inteqrasiyanı gücləndirəcək və paralel olaraq, qarşılıqlı ticarəti artıracaq.
Təbii ki, bu gedişat Türk birliyinin gələcəyinə yönəlik çox strateji addım olar. Fikrimcə, mövcud olan potensialı artıq reallaşdırmaq lazımdır. Hər bir türk cümhuriyyəti öz dövlət maraqları kontekstində qlobal zərərlərdən yayınmaq üçün birgə addımlar atarsa, türk birliyinin gələcək perspektivi regionda və dünyada özünü biruzə verəcək.
Natiq Miri: “Türkiyə-Rusiya yaxınlaşması həm də türk birliyinin daha da sıx birləşməsinə şərait yaradan bir amildir”.
- Bildiyimiz kimi, hazırda Türkiyənin və Rusiyanın ABŞ-la ciddi problemləri var və buna görə Türkiyə ilə Rusiya strateji sahələrdə çox yaxınlaşıblar. Yaranmış bu geosiyasi vəziyyət Türkiyə başda olmaqla, TDƏŞ-in Rusiya ilə siyasi-iqtisadi və hərbi sahələrdə strateji əməkdaşlığını gücləndirə bilərmi?
Rusiya faktoru çox önəmlidir. Türkiyədən başqa, türk birliyinin daxilindəki bütün dövlətlər keçmişdə imperiya olan SSRİ-nin tərkibində olub. Bu dövlətlər birbaşa Rusiya ilə ticari, siyasi, iqtisadi və hərbi cəhətdən çox ciddi əməkdaşlıq ediblər. Onu da nəzərə almaq lazımdır ki, bu gün bir çox türk cümhuriyyətləri hələ də Rusiyadan müəyyən mənada asılı siyasət yürüdürlər. Ona görə də Türkiyə-Rusiya yaxınlaşması həm də türk birliyinin daha da sıx birləşməsinə şərait yaradan bir amildir.
- Son zamanlar Azərbaycanın KTMT-yə üzv olması istər Azərbaycanda, istərsə də Ermənistanda müzakirə mövzusuna çevrilib. Azərbaycan bu quruma üzv olarsa, TDƏŞ-in regionda və KTMT-də rolu və fəaliyyəti hiss olunacaq dərəcədə arta bilərmi?
- Azərbaycanın KTMT-yə üzv olması məsələsini ölkəmiz üçün bir təxribat hesab edirəm. Çox maraqlıdır ki, bu fikir Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə Soçidəki görüşündən öncə səsləndirilmişdir. Təbii ki, bu məsələdə Rusiya və Rusiyanın Azərbaycandakı hakimiyyətdə təmsil olunan 5-ci kolon nümayəndələrinin də maraqları olmamış deyil. Hər bir halda nəzərə almaq lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistan kimi bir ölkə mövcuddur. Bu təşkilat bir növ hərbi müttəfiqliyi özündə ehtiva edir. Necə ola bilər ki, Azərbaycan onun torpağını işğal edən düşmən dövlətlə müttəfiq bir hərbi təşkilatda təmsil olunsun?! Bunu hansı dövlət özünə yaraşdıra bilər?!
Natiq Miri: “Azərbaycanın KTMT-yə üzv olması məsələsini ölkəmiz üçün bir təxribat hesab edirəm”.
Hətta belə bir şayiə yayılıb ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olarsa, Qarabağ problemi həll olunacaq. Əslində bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan bu təşkilatın üzvü olsa belə, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunmayacaq. Rusiya öz maraqları kontekstində bu cür təklifləri ortaya atmaqla, rus qoşunlarının yenidən Qarabağa qayıtmasına can atır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ ərazisində kimin qoşunları çox olacaqsa, ərazilər həmin dövlətin olacaq. Rusiya qoşunları Dağlıq Qarabağda yerləşərsə, Azərbaycan beynəlxalq aləmdə hansısa müstəqil addım ata bilməyəcək. Çünki Rusiya həmən Qarabağ yarasını xatırladacaq. Bu baxımdan Azərbaycanın KTMT-yə üzv məsələsinin qabardılmasını bir təxribat hesab edirəm.
- Ümumiyyətlə, Azərbaycanın KTMT-yə üzv olması ehtimalı nə dərəcədədir?
- Azərbaycanın bu quruma üzv olması üçün öncəliklə Ermənistan işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz tərk etməlidir. Yanlız bundan sonra Azərbaycanla Ermənistan arasında müəyyən diplomatik münasibətlər və əməkdaşlıq mövcud ola bilər. Daha sonra Azərbaycanın KTMT-yə üzvlüyü mümkündür. Əks halda Azərbaycanın KTMT-yə üzvlüyü arzuolunan deyil.
MilliYol.Az