Nazir Elmar Məmmədyarov Gürcüstan baş naziri Mamuka Baxtadzeni Azərbaycan Respublikasına səfərində müşayiət edən bu ölkənin xarici içlər naziri David Zalkaniani ilə görüşüb
XİN-dən verilən məlumata görə, nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər.
Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.
Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər.
Nazirlər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını qeyd ediblər.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
MilliYol.Az