Xəbər verdiyimiz kimi, Ermənistanın İstintaq Komitəsi sabiq baş nazir Ovik Abramyana qarşı cinayət işi qaldırıb
İstintaq Komitəsindən erməni mətbuatına verilən məlumata görə, onlara “Avazaatik” Qapalı Səhmdar Cəmiyyətinin sədrindən şikayət daxil olubmuş. Həmin siqnalla bağlı qaldırılan cinayət işində şirkətin 2000-ci ildə təsis edildiyi və onun Ararat vilayətində dağ-mədən fəaliyyəti ilə məşğul olduğu bildirilir. Həmin şirkətə 80 min dollar məbləğində sərmayə qoyulub. Lakin 2008-ci ildən etibarən yüksək vəzifəli şəxslər tərəfindən şirkətin fəaliyyətinə süni əngəllər törədilməyə başlanılıb. Daha doğrusu, şirkətin direktorundan firmanın 60%-nin onlara verilməsi tələb olunub. Özü də həmin pay hərəsində 30%-lik olmaqla iki adamın adına rəsmiləşdirilməliymiş. Elə həmin müddətdə dağ-mədən işlərinin aparıldığı torpaq sahibi ilə bağlanılan müqavilə məhkəmə tərəfindən ləğv edilir.
Şirkətin başçısı və digər şahidlər bu işlərin arxasında Ovik və Conik Abramyan qardaşlarının, habelə Alik Sərkisyanın durduğunu bildiriblər.
Xatırladaq ki, Ovik Abramyan 2008-ci ildə Ermənistan parlamentinin spikeri olub. 2014-2016-cı illərdə isə o, baş nazir vəzifəsini icra edib.
Alik Sərkisyan isə 2008-ci ildə Ararat vilayətinin qubernatoru, 2008-2011-ci illərdə isə Ermənistanın polis rəisi kimi fəaliyyət göstərib.
Ovik Abramyanın qardaşı Conik isə bu il avqustun 8-də qardaşlara aid zavodda qanunsuz olaraq silahların saxlanılması üzrə cinayət işinə görə həbs olunub. Həmin silahların 2008-ci il martın 1-də İrəvanın mərkəzində müxalifətin mitinqinin gülləbaran edilməsi zamanı istifadə edildiyi güman olunur.
MilliYol.Az