Goranboy rayon Yeni yol kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü qəzetinin baş redaktoru Ələsgər Əlioğlu (Təhməzov) prezident İlham Əliyevə müraciət edib. Yazar Goranboyun icra başçısı Nizaməddin Quliyevdən şikayətçidir.
Qaynarinfo.Az-ın redaksiyasına daxil olan daxil olan müraciətdə Ələsgər Əlioğlu icra başçısının onun oğluna qarşı təxribat kampaniyası apardığı bildirilir.: "Oğlum Əli Təhməzov 13 ilə yaxındır ki, Goranboy rayon İcra Hakimiyyətində işləyir. 12 müddətində iş fəaliyyəti ilə bağlı dəfələrlə fəxri fərmanlara layiq görülüb. Lakin ötən il İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev hansı marağın xatirinəsə müxtəlif bəhanələrlə oğluma qarşı təxribat və böhtan kampaniyasına başladı. Hətta öz müavininin əli ilə onu təhqir də etdirdi".
Ələsgər Əlioğlu bildirir ki, bundan əvvəl prezidentə müraciət etdikdən sonra oğluna qarşı aparılan təxribat və böhtan kampaniyası bir qədər səngiyib: "Lakin Nizaməddin Quliyev bu günlərdə yenidən oğluma qarşı təxribat və böhtanlara başlayıb. İcra Hakimiyyətində şöbə müdiri işləyən Sayad Quliyev bir neçə gün qabaq oğlumu yanına çağıraraq bildirib ki, "Başçı deyir sən Xanqərvənd kənd icra nümayəndəsindən 55 manat qəzet pulu alıb hesaba keçirməmisən. Ya ərizəini yazıb işdən çıxmalısan, ya da işini yoxlatmaq üçün hüquq-mühafizə orqanlara verəcəm". Oğlum ərizə yazmaqdan imtina edib, heç bir günah sahibi olmadığını, böhtan atıldığını bildirib. Onu da qeyd edim ki, Xanqərvənd kənd icra nümayəndəsi Mücahid Dəmirov uzun illər Moskvada alverlə məşğul olub. 2 il əvvəl Goranboya gəlib və gələn kimi icra başçısı onu icra nümayəndəsi təyin edib".
Şikayətçi prezidentə müraciətində Nizaməddin Quliyevin adının qarışdığı qeyri-qanuni əməllər barədə məlumat verir: "Sizin verdiyini səlahiyyətlərdən sui-istifadə edən Nizaməddin Quliyevin adı neçə-neçə kriminal hadisədə hallanır. O, müxtəlif yollarla ələ keçirmiş olduğu çirkli pulların hesabına ayrı-ayrı adamların adına çox sayda obyektlər açıb, yüz hektarlarla əraziləri öz nəzarəti altına keçirib. İcra başçısının Tapqaraqoyunluda tikdirdiyi "Dost qapısı" adlı restoran, şadlıq evi, rayon mərkəzində tikdirdiyi böyük ticarət mərkəzi, avtovağzal, ayrı-ayrı ticarət obyektləri, Bakıda alıb kirayəyə verdiyi onlarla mənzil, Goranlı kəndi ərazisindəki fermalar, nar bağı və s. var ki, hamısı da çirkli pulların hesabına ərsəyə gəlib. O, rayonda özünü bir el ağsaqqalı kimi aparmaq əvəzinə, diktator sayağı davranır ki, bu da ictimaiyyət arasında haqlı narazılıqlar yaradır.
Başçının oğlu Ramal Quliyev Mingəçevir şəhərində Kapital Bankın müdiri işlədiyi müddətdə 500.000 manat pulu mənimsəyib, lakin işdən çıxarılsa da, atasının canfəşanlığı sayəsində heç bir məsuliyyətə cəlb olunmayıb. Necə olur ki, 500.000 manat pul mənimsəyən şəxs barədə cinayət işi açılmır!? Amma həmin şəxsin atası Nizaməddin Quliyev oğluma "55 manat pul mənimsəmisən" deyərək, üzünə adam qoymaqla rayon prokrorluğunda iş qaldırtdırır. Eşitdiyimə görə başçı həmin oğlunu indi korrupsiyaya qarşı mübarizə idarəsində işə düzəltmək istəyir".
Ələsgər Əlioğlu yazır ki, son dövrlərdə rayonda kriminal hadisələrin sayı artıb və bütün bunlarda da Nizaməddin Quliyevin adı hallanır: "Rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Faiq Abdullayevin müəmmalı ölümü, rayon ziyalısı, Ağsaqqallar Şurasının sədr müavini Yolçu Məmişovun intiharı, goranboylu iş adamı Fizuli Qasımovun intiharı və başqa bu kimi yaranmış faciələrin sayını artırmaq olar".
Şikayətçi sonda dövlət başçısından kömək istəyir: "İki ildən artıqdır ki, həyat yoldaşım dava-dərmanla yaşayır. Ürəyindən və qalxanvari vəzindən müalicə olunur. Başçı oğluma qarşı bu təxribatlara və böhtanlara başlayan gündən onun səhhəti daha da pisləşib. Xahiş edirəm ki, oğlumun təhlükəsizliyinə köməklik göstərəsiniz. Nizaməddin Quliyevin təhqirlərindən, təhdidlərindən, böhtanlarından bezmişik. Biz artıq Nizaməddin Quliyevin qeyri-normal hərəkətləri sayəsində dinc yaşaya bilmirik. Heç nəyə məhəl qoymayan icra başçısı bizdən nə istəyir!?"
MilliYol.Az
Digər xəbərlər
loading...