Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Builki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər iştirak edəcəklər. Onlar arasında T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqaları yer alacaqlar.
Festival çərçivəsində 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirin açılış mərasimi 18 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Gecədə xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək (solist xalq artisti Murad Adıgözəlzadə).
Festival çərçivəsində görkəmli müğənni, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəmizin Nigarı” adlı silsilə tədbirlər təşkil olunacaq.(axşam.az)
MilliYol.Az