Almaniya hökuməti Türkiyəyə maliyyə yardımı göstərə bilər. Buna səbəb ABŞ-la fikir ayrılıqları səbəbindən Türkiyədə yaranan böhranın regionu əhatə etməsinin qarşısını almaqdır
Oxu.Az xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri məlumat yayıb.
Konkret tədbirlər və yardımın həcmi hələlik dəqiqləşdirilməyib. Nəşrin məlumatlarına görə, danışıqlar ilkin mərhələdədir və bu, nəticəsiz ola bilər. Əgər qərar qəbul edilsə, Almaniya və bütünlükdə Avropa Birliyi iqtisadiyyatın bir və ya bir neçə sahəsində yardım edə bilər.
Berlin ehtiyat edir ki, Türkiyədə lirənin ucuzlaşması və həyat səviyyəsinin aşağı enməsi Avropa Birliyinə və Almaniyaya yeni miqrant axınına səbəb ola bilər.
“Biz Türkiyədə vəziyyəti stabilləşdirmək üçün çox şey etmişik. Başqa çıxış yolumuz yoxdur”, - alman məmurlardan biri bildirib.
Ankara ilə Vaşinqton arasında böhran Türkiyənin terrorçuluqda ittiham olunaraq həbs etdiyi amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaqdan imtina etməsindən sonra yaranıb.
MilliYol.Az