Dünyada il ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin Cenevrədə dərc olunan məruzəsində öz əksini tapıb. Məruzədə, həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir.
“Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək”, – deyə idarənin başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq.
BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin məlumatına əsasən, qaçqın uşaqlarının 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir və onların yalnız 1 faizi ali təhsil almaq imkanına malikdir.
MilliYol.Az