Rusiyanın Cənub hərbi dairəsində şərti düşmənin o cümlədən qanadlı raketlərdən istifadə olunmaqla həyata keçirdiyi hücumun qarşısının alınması tədbirləri sınaqdan keçirilib
Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Onun sözlərinə görə, Xəzərdə keçirilmiş manevrlərdə Xəzər donanmasının gəmiləri və sahil havadan müdafiə vasitələri tətbiq olunub.
Vadim Astafyev deyib ki, hərbçilər təlimlər zamanı “Stena” (“Divar”) adlı taktiki fəndi ilk dəfə istifadə ediblər.
“Gəmilərin və kəşfiyyat qırıcı aviasiyasının sahildə mənzillənmiş havadan müdafiə sistemləri ilə birlikdə “Divar” fəndi zamanı xüsusi düzülüşü alçaqdan uçan hədəflərin, o cümlədən qanadlı raketlərin aşkar edilmə məsafəsini xeyli yaxşılaşdırmağa imkan verib”-Astafyev deyib.
Təlimlərdə yüzə yaxın müxtəlif hərbi texnika, o cümlədən “Podsolnux-E” radilokasiya stansiyası, “Buk-M3” zenit-raket kompleksi və digərləri iştirak edib.
Bu, Rusiyanın Xəzərin statusuna dair Konvensiyanın imzalanmasından sonra dənizdə keçirdiyi ilk təlimlərdir. Rusiya son illər Xəzər donanmasını xeyli gücləndirib, Xəzərdə “Kalibr” qanadlı raketləri daşıyan gəmilər yerləşdirib, o cümlədən Putinin mart ayında açıqladığı hipersəs sürətli silahlardan birini-“Xəncər” raketlərini daşıyan MiQ-31 qırıcıları Xəzər üzərində döyüş növbətçiliyi çəkir.(virtualaz.org)
MilliYol.Az