Meysəm Süleymani
“Etemad” (İran)
Dünya bazarında neftin qiyməti 100 dollardan yüksək olduğu illərdə Venesuela rəsmiləri ağıllarına gətirmirdilər ki, cəmi bir neçə ildə xalqın minimal yaşayış standartları bu dərəcədə aşağı düşə bilər.
Hakim partiya bu acı həqiqəti qəbul etmək istəməyib və hazırkı vəziyyətə çarə tapmağı xəyalından belə keçirmir. İndi, ölkənin xalqı mövcud şərtlərdən yorulub, taqətdən düşüb və gələcəyə ümid bəsləmir, daha yaxşı yaşamaq üçün doğma evlərini tərk edir.
Hazırda, hesabatlara görə, çox sayda vətəndaş yoxsulluq, inflyasiya, sosial xidmətlərin və rifah yoxluğu ucbatından ölkədən qaçır.
Miqrasiyanın acı vəziyyəti və təsirləri yalnız Venesuelaya deyil, bütün Cənubi Amerikaya şamildir.
Venesuelada miqrasiyasının səviyyəsi
BMT statistikasına görə, 2015-ci ildən bəri, iqtisadi böhranın başlanmasından bu yana təxminən 1.6 milyon venesuelalı miqrasiya edib. Hazırda 2.3 milyon nəfərdən artıq venesuelalı xaricdə yaşayır. Ancaq bəzi digər mənbələr bu rəqəmi daha yüksək hesab edir.
Venesuela Universiteti Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, 1998-ci ildə general Uqo Çavesin bolivarist inqilabından sonra 3,8 milyon nəfər ölkədən qaçıb.
Venesuelalı sosioloq Tomas Paes Fransa xəbər agentliyinə müsahibəsində venesuelalıların 10-12%-nin 90-dan çox xarici ölkədə yaşadığını söyləyib. Ənənəvi olaraq Kolumbiya, ABŞ və İspaniyada böyük diasporlar var. Lakin 2015-ci ildən bu yana Peru Venesuelanın ən böyük miqrasiya bölgəsinə çevrilib və illər ərzində Venesueladan Peruya köçün həcmi 150% artıb.
İnsanlar Venesueladan fərqli bir yerə çatmaq üçün çox çalışırlar. Bir çoxları müvəqqəti düşərgələrdə məskunlaşır, yaxud yatacaq yer və qida yardımı almaq üçün küçələrdə yaşayırlar. Bəziləri yol kəsişməsində, xüsusilə avtomobil şüşələrinin təmizləməklə özünə ruzi tapmağa çalışır.
Niyə bu baş verdi?
Paesin sözlərinə görə, bu, 1999-cu ildə Uqo Çavesin Venesuelada iqtidara gəlişi ilə başlayıb. Lakin o zaman bu böhran aydın şəkildə görünməyib. 2013-cü ildə Nikolas Maduronun iqtidarı ilə böhran dərinləşib.
Venesuela neft ehtiyatlarına çox asılıdır, ölkənin ümumi gəlirinin 96 faizindən çoxunu xam neft satışı təşkil edir və 2014-cü ildə neft qiymətləri düşəndə, Venesuelanın xarici kapitalı zəifləyib. Hökumətin dövriyyəyə daha çox pul buraxması ölkədəki inflyasiyanın artmasına gətirib çıxarıb və faktik olaraq dövlət hiperinflyasiya ilə üzləşib.
Paesin sözlərinə görə, Venesuelada xüsusi əmlakın toxunulmazlığı və şəxsi həyatın təhlükəsizliyi prinsipinin zəifliyi miqrasiyada əsas və təsirli amil olub. O bu səbəblərə iqtisadi böhran, bolivarist dəyərlərin aşınması ilə humanitar böhranı da əlavə edib.
Prosesin Venesuelaya təsiri
Fransız xəbər agentliyi bildirir ki, ilk növbədə, miqrasiya elitanı əhatə edib, proses kapital axını ilə müşayiət olunub. Araşdırmaçı Alfonso Lançiçi deyir: “Əvvəlcə miqrasiya sərmayə və universitet təhsilli insanlar tərəfindən həyata keçirilib. İndi ölkəni kasıb təbəqə tərk edir, çünki indi hamı yoxsuldur”.
Tomas Paes deyir: “Kimyaçı, sosioloq və mühəndis olmayanlar Venesueladan mədəni üsullarla qaçması üçün təyyarə biletinə 30 il pul toplamalıdır”.
Madrid Kral İnstitutunun Latın Amerikası üzrə analitiki Karlos Malamud bildirir ki, insanların ölkədən ayrılmasına şərait yaradılması Maduro tərəfindən qəsdən təşkil olunub və müxalifətə qarşı siyasi alət olaraq istifadə edilir.
Vəziyyətini yaxşılaşdırmaq üçün ölkədən qaçmaqda aciz olan venesuelalılar sərhəd qəsəbələrinə yollanır, digər ölkələrin sərhədyanı şəhərlərinə köçür və bəzi hallarda pis davranışla üzləşirlər. Bir sıra venesuelalı köçkün müxtəlif cinayətlərdə ittiham edilir. Braziliyada isə hətta venesuelalıların məskunlaşmasına etiraz edən bir qrup Rorheim şəhərində qaçqın düşərgələrini yandırıb. Şəhər qubernatoru Marsellos Lopes deyir: “Biz iflasın kənarındayıq”.
Lakin ekspertlər hesab edirlər ki, vəziyyət daha dəhşətlidir və bu, aysberqin yalnız görünən üst təbəqəsidir. Digər tərəfdən, köç ancaq mənfi təsir göstərmir. Müəyyən hallarda bu, ev sahibi ölkələrin lehinə nəticələnə bilər. Məsələn, Argentinada gənc venesuelalılar sahibkarlıq fəaliyyəti göstərir və onların bu ölkədə işləmək hüququ var. Statistikaya görə, Çilidə iş tapmış həkimlərin təxminən 60 faizi venesuelalıdır.
Digər tərəfdən, Venesuela böhranı yayılma sərhədlərini genişləndirir. Hesabatlar göstərir ki, Peru və Ekvador sərhədlərində nəzarəti gücləndirib. Ekvador gələcək aylarda 13 Latın Amerika ölkəsinin zirvə toplantısına ev sahibliyi edəcək və BMT Ekvadora xüsusi bir qrup göndərərək, böhrana qarşı koordinasiyalı regional siyasət qurmaq niyyətindədir.
Statistik müqayisələr
Venesueladan miqrasiya Kuba inqilabından bu yana ən böyük köçdür. Vaşinqtondakı Siyasət və Miqrasiya İnstitutu tərəfindən aparılan bir araşdırmaya əsasən, təxminən 1,4 milyon Kuba sakini ABŞ-a və 300 min nəfər Latın Amerikası, Qəraib hövzəsi və Avropa qitəsində yerləşən ölkələrə köçüb.
Amma bu proses altı il deyil, dörd çərək ərzində baş verib. Kubalı miqrantların ABŞ-a köçündən fərqli olaraq, Latın Amerikası ölkələri yeni miqrantların kütləvi axınına hazır deyil və Venesuelanı böhrandan xilas etmək problemin yeganə həll yoldur.
Bəzi ekspertlərin fikrincə, bu hadisə və böhranın həcmi Suriyadan qaçqın axınına bərabər tutula bilər. BMT-nin statistik məlumatlarına görə, yeddi illik müharibədə Suriyanı 6,6 milyon adam tərk edib.
MilliYol.Az