Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlər barədə məlumat verdi.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.
Dövlətimizin başçısı və birinci xanım dənizkənarı milli parkda kiçik Venesiya şəhərciyinin ərazisinə də baxdılar. Burada yeni yer örtüyü salınıb, əlavə ağaclar əkilib, ətraf abadlaşdırılıb.
Bu gün, eyni zamanda həm Avropa, həm də Şərq arxitektura koloritini özündə birləşdirən Bakı gözəlliyinə görə dünyada diqqət çəkən, turistlərin səyahət üçün seçdiyi şəhərlərdən biridir. Bakının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarələr kompleksinin yenidən ilkin görkəminə qaytarılması paytaxtımızın hüsnünə yaraşıq verməklə yanaşı, ənənələrin yaşadılması, müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir.
MilliYol.Az