Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 25-də keçiriləcək hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb
Komitədən bildirilib ki, dövlət əmlaklarına vaxt itirmədən, təyin olunan məkana getmədən də sahib olmaq mümkündür. Bunu ƏMDK tərəfindən özəlləşdirmədə tətbiq olunan Elektron hərrac sistemi mümkün edir. Əlçatan səviyyədə mövcud sifariş və iştirak imkanları investorların rahatlığını təmin etməklə yanaşı, özəlləşdirmə prosesini sürətləndirir. Vətəndaşlar hər həftə reallaşan hərraclarda iştirak edərək şəffaf mühitdə əmlak sahibinə çevrilirlər.
İnvestorlar hərracda iştirak edərək müxtəlif iqtisadi sahələrdə fəaliyyətə imkan verən kiçik dövlət müəssisələrinə sahib ola bilər. Ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 4 min 386 kvadratmetr intervalında olan bu dövlət əmlakların çoxu torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı təmir tikinti sahəsinin ümumi faydalı sahəsi 555 kvadratmetrdir. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan obyektin fəaliyyətinin bərpası bölgədə tikinti məhsullarına olan tələbatı ödəyə bilər. Ümumi faydalı sahəsi 56 kvadratmetr olan Gəncə şəhərində yerləşən 9 saylı mağaza xidmət sahəsində gəlirli obyektdir.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 1612 kvadratmetr aralığındadır. Bu obyektlərin 7-si Sumqayıtda, digərləri isə paytaxt rayonlarında yerləşir.
Avtomobil almaq arzusunda olan şəxslər budəfəki hərracda iştirak edərək buraxılış illəri 1989-2008 olan “Qaz”, “Kamaz” və “Vaz” markalı nəqliyyat vasitələrinə sahib ola bilər.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) müvafiq bölməsinə daxil olmaq kifayətdir. Təyin olunan vaxtda hərrac prosesində həm sifarişçilər, həm də digər şəxslər onlayn formada iştirak edə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
MilliYol.az