Moldova polisi bütün gecəni paytaxt Kişinyovun mərkəzində, Ştefan çel Marenin heykəlinin yanında keçirən etirazçıları bu gün səhər saatlarında dağıtmağa nail olub
Trend-in məlumatına görə, polislər səhər saat 06:30-da kütləni dağıtmağa başlayıb. Məqsəd avqustun 27-də keçiriləcək Müstəqillik Günü ilə bağlı rəsmi tədbir üçün ərazini boşaltmaq olub.
Etiraz aksiyasının təşkilatçıları Ləyaqət və Həqiqət Platforması, Fəaliyyət və Həmrəylik və Moldova Liberal Demokratik partiyaları olublar. Mitinqdə 6500-dən çox insan iştirak edib, onların təqribən yarısı gecəni küçədə keçirib.
Etirazçıların sözlərinə görə, polislər oraya gələcək Prezident İqor Dodon və Baş nazir Pavl Filipə yer ayırmaq üçün "dinc etirazçılara hücum ediblər".
Hazırda qeyd olunan yer polislər tərəfindən mühasirəyə alınıb. Etirazçılar isə meydanın kənarında toplaşmağa başlayıblar.
Qeyd edək ki, etirazlara səbəb bundan əvvəl Ləyaqət və Həqiqət Platforması Partiyasının namizədinin qalib gəldiyi Kişinyov meri seçkilərinin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilməsi olub.
MilliYol.Az