ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib
Yenicag.az xəbər verir ki, o, Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənib:
“Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”.
MilliYol.Az