Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq
Son oyun günündə iki matç keçiriləcək. Əvvəlcə turnir cədvəlinin son pillələrində qərarlaşan “Keşlə” və “Səbail” üz-üzə gələcək. Meydan sahibləri yeni mövsümə “Sabah”a 0:1 hesablı məğlubiyyətlə başlayıb, ardınca “Zirə” ilə heç-heçə ediblər – 2:2. Qonaqlar isə “Qəbələ” ilə “Qarabağ”a müvafiq olaraq, 3 və 2 cavabsız qolla uduzublar.
“Keşlə” ilə “Səbail” milli çempionatlarda 5-ci dəfə qarşılaşacaqlar. Əvvəlki görüşlərin 2-də meydan sahibləri, 1-də qonaqlar qalib gəlib. Komandalar bir matçda 1-dən çox qol vura bilməyib. “Keşlə” ev oyunlarını qolsuz və xalsız tərk etməyib.
Həftənin son oyunu bütün milli çempionatların iştirakçısı - “Qarabağ”la “Neftçi” arasında olacaq. Yeni mövsümə “Sumqayıt” (2:0) və “Qəbələ” (2:1) üzərində qələbə ilə başlayan “ağ-qaralar” 6 xalla vahid liderdir. “Zirə” ilə ilk turdakı matçı təxirə salınan Ağdam komandası isə “Səbail”i 2 cavabsız qolla məğlub edib.
“Qarabağ”la “Neftçi” indiyə qədər 72 çempionat oyununda üz-üzə gəlib. Bunlardan 27-də qalib gələn “köhlən atlar”, 19 görüşdən məğlub ayrılıblar. Son 3 matçda 1-dən artıq qol vurulmayıb. “Neftçi” ardıcıl iki qarşılaşmada qol buraxmayıb.
Azərbaycan Premyer Liqası
III tur
26 avqust (bazar)
18:00. "Keşlə” – "Səbail”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Kərim Ağayev
"ASK Arena"
20:30. "Qarabağ” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena”(Report)
MilliYol.Az