Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcək
Bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Çox gözəl bir gündür, xalçaçılıq fabrikinin açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, belə gözəl müəssisə yaradılıb və qadınlar işlə təmin olunublar”.
İlham Əliyev bildirib ki, İsmayıllı rayonunun xalçaçılıq ənənələri çox zəngindir, qədimdir: “Çox yaxşı ki, siz bu sənəti yaşatmısınız, yaşadırsınız. Gərək gələcək nəsil də bu sənəti mənimsəsin. Yəni, xalçaçılıq sənəti bizim milli sərvətimizdir”.
Prezident vurğulayıb ki, Azərbaycan xalçaları dünya miqyasında tanınır və dünyanın aparıcı muzeylərində təqdim olunur: “Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun.
Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər – hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır”.
Dövlət başçısı deyib ki, Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var: “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm”.(Trend)
MilliYol.Az