Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də Şəki Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib
Qəbulda Şəki də daxil olmaqla Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərindən, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 21 nəfər iştirak edib.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb, polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu hər zaman dəstəkləyəcəklərini vurğulayıblar.
MilliYol.Az