“Ermənistanda daxili qarşıdurmalar hələ də davam edir. Bu, baş verən hakimiyyət dəyişikliyinin və siyasi mübarizənin ortaya çıxardığı nəticədir”
Bu sözləri Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər Teleqraf.com-a açıqlamasında deyib.
Anlitik bildirib ki, Rusiya ilə münasibətlərin soyuması, Baş nazir Nikol Paşinyanın vaxtilə hakimiyyətdə olmuş siyasi qüvvələrə və öz müttəfiqlərinə qarşı elan etdiyi mübarizə də bu qarşıdurmadan irəli gəlir: “Paşinyan öz hakimiyyətini gücləndirmək və qarşıdan gələn parlament seçkilərində qalib gəlmək üçün rəqiblərini və özünə rəqib hesab etdiyi qüvvələri mümkün qədər sıradan çıxarmağa, yaxud zəiflətməyə çalışır. Amma buna nə qədər nail olacağını demək çətindir. Çünki bu, çox riskli addımdır. Bir tərəfdən inqilab baş verib və inqilabın qalib gəlməsi üçün bütün rəqiblərini susdurmalı və neytrallaşdırmalıdır, bir tərəfdən də bu addımların atılması risklidir. Çünki onların əllərində böyük hakimiyyət var. Nəzərə almaq lazımdır ki, bu həmlələrin qarşısında kapitalla zəngin, administrativ və inzibati oliqarx sinfi Paşinyana qarşı birləşə bilər. Buna görə də Paşinyan riskli də olsa, məcburi addımlar atmalıdır. Bu baxımdan da Paşinyan hakimiyyətinin gələcəyi sual altındadır. Gələn ilin yazında keçiriləcək parlament seçkilərinədək Ermənistanda hansı hadisələrin baş verəcəyi naməlumdur. Böyük ehtimalla, payızda Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərginləşəcək və yeni qarşıdurmaların istiqamətləri açılacaq”.
Sülhəddin Əkbər Ermənistanın baş nazirinə qarşı daxili qüvvələrlə yanaşı, xarici qüvvələrin də meydanda yer almağa çalışacaqlarını bildirib: “Vaxtilə hakimiyyətdə olmuş Respublika Partiyası, iş adamı Qagik Çarukyanın “Çarukyan bloku”, Daşnaksütyun Partiyası siyasi meydanda yer alacaqlar. Bu qüvvələrin heç biri Paşinyanın hakimiyyətə gəlməsindən məmnun deyillər. Həmin siyasi qüvvələr zaman, yaxud Paşinyanın daxili reytinqinin düşməsini gözləyirlər. Çox güman ki, onu hakimiyyətdən göndərmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Burada xarici faktor və Rusiya amilini də unutmaq olmaz. Bütün “5-ci kolon” Paşinyanın əleyhinə işləyəcək. Buna görə də Paşinyanın işi çətin olacaq”.
MilliYol.Az