Rusiyanın beynəlxalq konvensiyalarda qadağan edilən silahları Ermənistana verməsi, əslində, bir çox mətləblərdən xəbər verir.
Bu, bir növ Ermənistanla Azərbaycan arasındakı silah balansını pozur və Rusiyanın Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olacağına dair verdiyi vədə kölgə salır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Ermənistana silah ötürülmə məsələsində beynəlxalq ictimai rəyin gözünə kül üfürülməsi diqqət çəkir:
"Guya sözügedən silahlar Ermənistana 200 milyon dollarlıq kredit adı altında verilir. Ancaq təkcə Ermənistana verilən "İsgəndər”lərin dəyərinin 2 milyard dollar olduğu məlumdur. Rusiyanın özünün ciddi iqtisadi və sosial problemlərinin olmasına baxmayaraq, səxavətlə Ermənistana milyardlarla dollarlıq silah ötürməsinin hansı xarakter daşıdığını anlamaq çox çətindir. Rusiya Cənubi Qafqaza münasibətində kəskin dönüş edib. Məqsəd isə Azərbaycanın ehtimal edilən həmləsindən Ermənistanı qorumaqdır. Ermənilər yenidən rusun səsi ilə danışmağa başlayıblar. Ermənistanın bölgədə sülhü təhdid edən bəyanatlarına qarşı Azərbaycan çox ciddi cavab tədbirləri görür”.
Politoloq bölgədə müharibə başlayacağı təqdirdə Ermənistanın bir dövlət kimi xəritədən silinəcəyini deyib:
"Dünənə qədər sülhdən danışan, Minsk Qrupunun həmsədri kimi tərəfləri bir araya gətirərək onları müəyyən razılaşmalara meylləndirəcəyini deyən Rusiyanın birdən-birə Ermənistanı silahlandırması onun bölgədəki mövqeyinə də xələl gətirəcək. İstisna deyil ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik kanallarla Rusiya ilə danışıqlar aparır. Ən yaxşı halda Rusiya Azərbaycana da "İsgəndər” raketlərini sata bilər. Ancaq bu, bölgədə müharibə ehtimalını artırır. Bölgənin bu dərəcədə silahlandırılması Rusiyanın silah satışını genişləndirsə də, ciddi nəticələr verəcəyi qənaətində deyiləm. Onsuz da Rusiyanın Suriyada imici kifayət qədər zəifləyib. Post-sovet məkanındakı münaqişələrlə bağlı üzərinə böyük məsuliyyət düşən Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətində dəyişiklik etməsinə gəldikdə isə Moskvanın hansı niyyət güddüyünü hələ sona qədər dəqiqləşdirə bilməmişik. Hesab edirəm ki, bu məsələləri beynəlxalq təşkilatların müzakirəsinə çıxarmağın vaxtdır”.
Qeyd edək ki, Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirdiyi paradda T-72 tanklar, tank əleyhinə özüyeriyən qurğular, "Qrad”, "Tayfun”, VM-80, "Smerç”, "Konkurs” reaktiv yaylım atəş sistemləri, "Toçka U”, "Skad” taktiki raket komplekslərini nümayiş etdirib.
S-125, Strela-10, "Buk”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.
Paradda "İsgəndər” raket komplekslərinin nümayişi isə diqqət çəkib.
MilliYol.Az
Digər xəbərlər
loading...