Rusiya 2017-ci ildə nüvə mühərrikli və qeyri-məhdud uçuş radiusuna malik raketin dörd sınağını keçirib. Lakin onların hamısı uğursuz olub
Bu barədə ABŞ kəşfiyyat strukturlarından birinin hesabatına istinadən CNBS telekanalı bildirir.
Telekanalın xəbərinə görə sınaqlardan biri ötən ilin noyabrında keçirilib və raket Barents dənizinə düşüb. Hazırda Rusiya dənizin dibindən raketi çıxarmaq üçün hazırlıqlar görür. “Bu əməliyyata üç Rusiya gəmisi cəlb olunub, onlardan biri radioaktiv maddələrlə işləmək üçün avadanlıqlarla təchiz edilib”-CNBS telekanalının internet-portalı kəşfiyyat hesabatından sitat gətirir.
Amerika kəşfiyyatının analitikləri bildirir ki, əgər həmin raketi tapıb çıxarmaq mümkün olsa əməliyyatın sxemi qalan üç raketi də axtarmaq üçün tətbiq ediləcək. Bildirilir ki, nüvə mühərrikli raketin sınaqları zamanı ən uzunmüddətli uçuş cəmi 2 dəqiqə davam edib-raket 35 kilometr məsafə qət edərək düşüb.
Söhbət Rusiya prezidenti Vladimir Putinin bu ilin martında ictimaiyyətə ilk dəfə təqdim etdiyi superslahlardan birindən-“Burevestnik” (“Qaranquş”) qanadlı raketindən gedir. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə bu raket nüvə mühərriki ilə təchiz edilib və nüvə başlığı daşıya bilir, uçuş məsafəsi qeyri-məhduddur, səsdən dəfələrlə iti sürətlə uçur. Bu raketin dünyada mövcud olan və perspektivdə hazırlana biləcək istənilən raektdən müdafiə sistemlərini dəf edə biləcəyi deyilir.(Virtualaz.org)