ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından (AKP) açıqlama gəlib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumu təxribat adlandırıb.
“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir”, - deyə mətbuat katibi bildirib.
Məsələyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da münasibət bildirib və olayı qınadıqlarını söyləyib.
O qeyd edib ki, bu, açıq şəkildə ölkədə xaos yaratmağa cəhddir.
“Türkiyə təhlükəsiz bir ölkədir və bütün diplomatik korpuslar qanunların nəzarəti altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aydınlaşdırılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin təhlükəsizlik işçilərinə silahlı hücum ediblər. Güllələrdən biri binanın dam örtyünə dəyib. Atəş açanlar daha sonra hadisə yerindən qaçıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
MilliYol.Az