“Təəssüf edirəm ki, referendumla Konstitusiyaya olunacaq dəyişiklərdə Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulmayıb. Ancaq hökmən Nazirlər Kabinetindən tutmuş bütün ali, orta, aşağı və icra hakimiyyəti orqanlarında ciddi, köklü şəkildə islahatlar həyata keçirilməlidir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O, bildirib ki, bu gün icra hakimiyyəti orqanlarında ciddi maliyyə qanunsuzluqları və özbaşınalıqlar var: “Bu gün icra hakimiyyətlərində hədsiz dərəcədə maliyyələşmə var. İcra hakimiyyəti orqanlarında istehlakçı deyil, istehsal edən sahələr inkişaf etdirilməlidir.
O insanlar ki, bu dövlətə millətə, xalqa maddi nemət istehsal edir və fayda gətirirlər, onlara yol açılmalı və maliyyə ayrılmalıdır. Eyni, təkrar məmur ştatları birmənalı şəkildə ləğv edilməlidir”.
Tahir Kərimli vurğulayıb ki, icra hakimiyyəti orqanlarında yuxarıdan aşağıya doğru ciddi islahatlar aparılmaldır: “İcra hakimiyyəti yuxarıdan aşağıya doğru ixtisar olunmalıdır. Qonşu ölkələrdə olduğu kimi yerli özünü idarəetmə orqanlarının səlahiyyətləri daha da artırılmalıdır. Bu gün xarici ölkələrdə icra qurumları nəzarət funksiyası həyata keçirdiyi halda Azərbaycanda isə birbaşa idarəetmədə iştirak edirlər. Bu bürokratiyanı yardan başlıca amildir”.
Millət vəkili hesab edir ki, icra qurumları qanunsuz fəaliyyət növlərinə qurşanıblar: “Bu gün heç kimi sirr deyil ki, yerli icra hakimiyyəti orqanları birbaşa olaraq qanunsuz şəkildə idarəetmənin onlara aid olmayan funksiyalarını da ələ keçirirlər ”.
T.Kərimli söyləyib ki, referendumdan sonra icra hakimiyyətlərində ciddi islahatlara başlanacaq: "Mən cənab Prezidentin son dövrlər atdığı addımları alqışlayır və yüksək qiymətləndirirəm. Bəli, bu gün niyyət ortadadır və referendumdan sonra icra hakimiyyəti strukturlarında çox ciddi islahatlar başlayacaq. Çünki artıq Nazirlər Kabineti də daxil olmaqla icra hakimiyyəti strukturunun yüksək mərtəbəsindən tutmuş yerlərdəki icra hakimiyyətlərinə qədər ciddi islahatlar ediləcək. Bunu labüd edən əsas səbəblər ondan ibarətdir ki, Nazirlər Kabineti də daxil olmaqla yuxarı icra hakimiyyəti orqanından tutmuş aşağıya qədər heç biri çevik və operativ deyil. Açıq deyək ki, bu gün icra hakimiyyəti qurumları səlahiyyət və qanundan kənar fəaliyyət növləri ilə məşğul olurlar. Mən buna inanıram ki, ölkə başçısı referendumdan sonra ciddi islahatlar həyata keçirəcək. Biz də deputatlar və parlament olaraq bu istiqamətdə nə lazımdırsa, əlimizdən nə gəlirsə cənab Prezidentə kömək etməyə hazırıq. Təki daha az yeyən və çox işləyənlərin sayı artsın. Bir daha deyirəm ki, referendumdan sonra çox böyük ixtisarlar gedəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...