Moskvada “qanuni oğru"ların son illərdəki ən böyük yığıncağı baş tutub
Burada onlar Rusiyanın “baş oğrusu”nu, yəni öz liderlərini seçiblər.
“Rosbalt” agentliynin verdiyi xəbərə görə, tədbir qanuni oğru Mixail Voevodinin (Mixail Lujnetski) təşkilatçılığı ilə baş tutub. Kriminal aləmin başçıları M.Voevodinin Lujnikidəki elitar restoranlarından birinə toplaşıblar. Həmin toplantıda yeraltı dünyasında yüksək mövqeyə sahib 10-dan yuxarı “qanuni oğru” iştirak edib.
Yığıncaqda Rusiyanın 1 nömrəli qanuni oğrusunun “Şişkan” ləqəbli Oleq Şişkanov olmasına qərar verilib.
Agentlik qeyd edir ki, yeni seçklərin keçirilməsi, əvvəlki lider “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun bu yaxınlarda 9 il 10 ay müddətinə məhkəmə hökmü ilə cəza alması ilə bağlıdır. Hökmdə “Şakro Molodoy”un əvvəlki avtoritet, 2013-cü ildə öldürülən “Ded Xasan” ləqəbli Aslan Usoyandan sonra kriminal dünyanın əsas lideri olduğu qeyd edilib.
Şişkanovla bərabər Rusiyanın birinci kriminalı olmağa namizədlər sırasında Tariel Muluxovun (Tariel Oniani) da adı çəkilirdi. Lakin avqustda onun əbədi olaraq Rusiyadan sürgün olunması haqqında (hakimiyyət orqanları tərəfindən –red.) qərar çıxarılıb. Hazırda Oniani Sol-İletskdəki “Qara delfin” adlanan 6 saylı xüsusi rejim həbsxanasında cəzasını çəkir.
Şişkanovun özünə gəlincə, o, 1964-cü ildə Moskva ətrafındakı Ramensk şəhərində anadan olub. 1981-ci ildə törətmədiyi cinayəti boynuna götürərək həbsxanaya girib. 1992-ci ildə isə İzmaylovo otelində “qanuni oğru” titulunu alıb. Həmin mərasimdə Şakro Molodoyun, Maxarbek Karqayevin (Ruslan) və Valeri Dluqaç (Qlobus) kimi kriminal avtoritetlərin iştirak etdiyi bildirlir. Şişkanovun ad almasında şəxsən “Yaponçik “ləqəbli Vyaçeslav İvankovun böyük rol oynadığı deyilir.
MilliYol.Az