“Avqust ayının sonunda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”
Bu barədə “Sherg.az”a Tramp administrasiyasının yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə iddiaları şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib.
O qeyd edib ki, Moskvaya qarşı ən şiddətli sanksiya payız aylarında tətbiq ediləcək: “Amerika-Rusiya qarşıdurmasının hansısa müharibəyə gətirib çıxaracağını düşünmürəm. Lakin hiss olunur ki, ABŞ Rusiyanın iddialarından narahat olur. Bu baxımdan Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəyir. Rəsmi Vaşinqton Moskvanı cəzalandırmaqla “Siz özünüzü belə apardığınız müddətcə, böyük iqtisadi itkilərlə üz-üzə qalacaqsınız” mesajını verməyə çalışır. ABŞ-dakı vəziyyətin hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir. Lakin hazırda Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyi mütləqdir”.
Amerika-Rusiya qarşıdurmasının regiondakı iqtisadi, siyasi vəziyyətə təsirlərinə gəlincə, R. Musabəyov hesab edir ki, ilk növbədə Moskvadan asılı olan Ermənistan daha da zəifləyəcək:
“Ermənistan öz havadarının zəifləməsindən yaxşı heç nə əldə etməyəcək. Çünki iqtisadi və siyasi cəhətdən bu dövlətdən daha çox asılıdır. Azərbaycan, Gürcüstan və digər region ölkələrinin iqtisadiyyatı da Rusiyanın zəifləməsindən müəyyən qədər təsirlənəcək. Şimal qonşumuzun imkanları daraldıqca, iqtisadi əlaqələri, idxal-ixrac potensialı da zəifləyəcək. Rus əhali turizmə əvvəlki qədər meyl etməyəcək. Nəticədə, region ölkələri üçün bir sıra sahələrdə mənfi təsirlər özünü göstərəcək”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək. “The Wall Street Journal”ın administrasiyadakı mənbələrə istinadən məlumatına görə, hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır.
MilliYol.Az