Dövlət Sərhəd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb
DSX-dən virtualaz.org-a verilən məlumata görə, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi, sərhəd sularından qanunsuz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi olub.
DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və helikopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.
MilliYol.Az