Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribatlar davam edir
Düşmən – bizi gözü götürməyən qüvvələr dayanmaq bilmir. Hər cəhddə müxtəlif təxribatlara əl ataraq aranı qarışdırmağa çalışırlar. Hər halda düşmənin profili bəllidir və onun təxribata əl atmasında təəccüblənəcək heç nə yoxdur. Sadəcə, bizlər dəqiq addımlar atmaqla təxribatların qarşısını almaqla yanaşı, həm də cavab olaraq sarsıdıcı zərbələr endirə bilərik.
Lakin bizlərdən asılı olmayan səbəblər də var. Məsələn, Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin istifadə etdiyi naviqasiya sistemində erməni dilində yerlərə, küçələrə rast gəlmək olar. Əslində məsələ ilə bağlı tez-tez həm mətbuatda, həm də sosial şəbəkədə məlumatlar yayılır. Xüsusən də bu məsələdə *9111 taksi şirkətinin adı hallanır. Qıcıq doğuran məqam olduğundan, istər-istəməz cəmiyyətdə taksi şirkətlərinə qarşı aqressiya yaranır.
Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşı araşdırma aparıb. Aydın olub ki, bu məsələdə sözügedən naviqasiya sistemindən istifadə edən taksi şirkətlərini qınamaq bir o qədər də doğru deyil. Çünki “Google maps” hər kəsə açıq olduğundan, burada hər hansı bir şəxs girib öz istəyinə uyğun hansısa küçənin, məkanın adını dəyişə bilir. Qarşı tərəf onun düzgünlüyünə inanırsa, bunu qəbul edir. İnamın necə yarandığına gəlincə, məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır.
Ancaq taksi şirkətləri, xüsusən də bu məsələdə adı tez-tez hallanan *9111-in daha keyfiyyətli naviqasiyadan istifadə etməsində fayda var. Hər halda şirkət rəhbərliyi ucuz ətin şorbasının olmadığının artıq fərqinə varmalıdır. Nəzərə alaq ki, bu həm şirkətin imici, həm də sürücülərin işinin rahatlaşdırılması üçün daha yaxşı olar.
Sözügedən erməni təxribatı ilə bağlı dövrü mətbuatda Azərbaycanın Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyevin də açıqlaması var. Qurum rəsmisi adıçəkilən elektron xəritədə işğal altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adlarının həm Azərbaycan, həm də erməni dilində yazılmasına münasibət olaraq bildirib ki, bu təxribatçı addımlar dəfələrlə təkrarlanıb:
“Bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. “Bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər. Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib. Məsələ ilə bağlı diaspora təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlər görülür”- deyə, XİN rəsmisi qeyd edib.
“Bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər” deyən qurum rəsmisinin sözlərini qulaq ardına vurmaq lazım deyil. Yəni düşmənin həmləsinə həmlə ilə cavab vermək vacibdir.
İş burasındadır ki, ötən günlərdə sosial şəbəkələrdə *9111-lə bağlı iddiaların bol olduğu video yayılıb. Həmin videoda sözügedən şirkətə qarşı ilginc ittihamlar irəli sürülür. Maraqlıdır ki, ittihamları irəli sürən şəxs də vaxtı ilə *9111-də çalışmış Rzayev Təbriz adlı şəxsdir. O, şirkətdə bir sıra qanunsuzluğun olduğunu iddia etməklə yanaşı, yenidən “Google maps”dakı problemləri qabardır və bu məsələdə taksi şirkətini günahlandırır.
Təbii ki, Təbriz bəyin həssaslığını başa düşmək olar. Hər bir Azərbaycan vətəndaşı kimi, bu məsələ Rzayevi də narahat edir. Bu məsələni yenidən qabartmasında qəbahət heç nə yoxdur. Lakin məsələ burasındadır ki, sözügedən videonun çəkimi Bakıda Qulu Quliyevin küçəsinin adının erməni adı ilə dəyişdirilməsindən qısa müddət sonraya təsadüf edir. Bunun təsadüf və ya qərəz olduğunu isə dəqiqləşdirmək lazımdır. Bunun dəqiqləşdirilməsi üçün də Rzayev Təbrizin işdən hansı səbəbə görə ayrıldığını müəyyənləşdirməyə ehtiyac var. lakin bu da bizim həm marağımızda, həm də səlahiyyətimizdə deyil. Hər halda bu, şirkət rəhbərliyi ilə keçmiş işçisi arasında olan məsələdir.
Lakin əldə etdiyimiz digər məlumata görə, sözügedən videonun yayılması heç də səbəbsiz deyil. Şirkətin digər keçmiş işçilərindən biri ilə söhbətimiz zamanı bəlli oldu ki, Rzayev Təbrizin çıxış etdiyi video əslində təzyiq vasitəsidir. O, bu vasitə ilə şirkət rəhbərliyinə təzyiq edərək idarəçiliyə ona yaxın olan şəxslərin gəlməsinə çalışır.
Sonda onu da qeyd edək ki, həm cəbhədə, həm də ondan kənarda erməni təxribatı davam edir. İşğalçı dövlətin nümayəndələri öz çirkin əməllərindən geri qalmırlar. Bizə üzərimizə düşən iş isə əlimizdən gəldiyi qədər bu tip təxribatların qarşısını almaqdır. Hər halda bunun üçün elə də çox şey tələb olunmur. Məsələn, dəyişdirilən məkanların adlarında biz də həqiqətə uyğun düzəliş edə bilərik.
MilliYol.Az