Ermənistanın eks-prezidenti, barəsində mart hadisələri ilə əlaqədar ittiham elan olunan Robert Koçaryan aktiv siyasətə qayıtdığını elan edib
Bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. Sabiq prezidentin sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.
Koçaryanın aktiv siyasətə qayıtması Ermənistanda nəyi dəyişəcək?
Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, Robert Koçaryanın siyasətə qayıdışı Ermənistanda ciddi qarşıdurmalara, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər:
“Həbsdən çıxsa da Robert Koçaryan haqqında açılan cinayət işi hələ bağlanmayıb. Amma bu, onu göstərir ki, Moskvadan aldığı komanda ilə həm aktiv siyasətə qayıtmaq, həm də baş nazir Nikol Paşinyana qarşı cəbhə formalaşdırmaq fikrindədir. Bu cəbhədə Serj Sarkisyanla birgə hərəkət edəcək. Serj Sarkisyanın “Respublikaçılar” partiyası parlamentdə ən böyük fraksiyadır. Hesab edirəm ki, Robert Koçaryanın aktiv siyasətə qayıtması qarşıdakı parlament seçkilərinə hesablanmış addımdır. Məqsəd Paşinyana qarşı cəbhə, partiyaların blokunu formalaşdırmaq və onu bu siyasi mübarizədə sıradan çıxarmaqdır. Koçaryanın buna nail olub-olmayacağını söyləmək çətindir. Baş nazir Nikol Paşinyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Amma Qarabağ klanı və Ermənistanda müəyyən siyasi dairələr Paşinyana qarşı cəbhədə birləşərək güclü siyasi blok formalaşdırmaq istəyirlər”.
Politoloq deyib ki, Koçaryanın indiki halda ciddi dəyişikliyə nail olması müəmmalı görünür: “Bunun üçün Robert Koçaryan partiya yaratmalıdır. Partiyanın sıralarını elektoral baza ilə gücləndirməlidir. Bir sözlə, mübarizəni təşkil etməlidir. Koçaryanın bunu etmək üçün maddi vəsaiti var. Müəyyən adamları, xüsusən Qarabağ əsilliləri bu sıralara cəlb edə bilər. Şübhə etmirəm ki, Koçaryan partiya yaradacaq və siyasi mübarizəyə qoşulacaqsa, Serj Sarkisyanla birgə hərəkət edəcək. Amma həbsdən azad olunmasına baxmayaraq, Koçaryan haqqında cinayət işi davam edir, Serj Sarkisyan isə istintaqa çağırılıb. Bu istintaqın gələcək perspektivləri necə olacaq, bəlli deyil. Əgər Rusiya onları öz himayəsinə alıbsa, bu, hələ o demək deyil ki, Paşinyanı tam neytrallaşdırmaq mümkün olacaq. Lazım gələndə Paşinyan cinayət məsuliyyəti ilə bağlı məsələlərdən onların hər ikisinə qarşı istifadə edəcək. Hər halda bu daxildə gərginliyi artıran amillərdən olacaq. Ciddi qarşıdurma, vətəndaş müharibəsinə qədər gətirib çıxara biləcək bir platformaların formalaşmasına təkan verəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...