"Naxçıvanda toylarda israfçılığın qarşısının alınması üçün verilən qərar barədə xəbər doğrudursa, birmənalı dəstəkləyirəm"
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Naxçıvanda toylarda yemək verilməməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, bu cür toy və yas mərasimləri həm maddi, həm də vaxt itkisidir:
“Öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır. Toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir. Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır. Hələ toy səviyyəsində keçirilən xınayaxdı, ciyər axşamı kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. Yüksək məbləğə toya dəvət edilən müğəninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir”.
Millət vəkilinin sözlərinə görə, ailə qurmaq istəyənlər üçün bu mərasimlər sadələşdirilməlidir:
“Harınlar, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var: Las-Veqas, Kanar adları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar. Buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər.
Toya xərclənən pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır. Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır. Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik. Sevinmək də, kədərlənmək də lazımdır. Bunlar insan təbiətinə aid gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb, özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyil”.
Qeyd edək ki, dünən sosial şəbəkə istifadəçiləri sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında keçirilən toylarda israfçılığın qarşısını almaq üçün qonaqlara ancaq çay və şirniyyat təklif ediləcəyini yazıb.
Digər xəbərlər
loading...