"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dublyaj studiyasının aktyoru Kamran Yunisin "Report"a müsahibəsi
- Səhnəyə ilk gəlişiniz nə vaxta təsadüf edir?
- Bakıda ziyalı ailəsində anadan olmuşam. Xətai rayon 63 saylı məktəbi bitirmişəm. Aktyor olmaq həvəsi 5-6 yaşında yaranıb. Akademik Milli Dram Teatrında Mikayıl Mirzənin bir tamaşasına getmişdim. O vaxt bir ənənə vardı, teatra gedən hər kəsin əlində gül dəstəsi olardı. Bu ənənə bu gün bir az səngiyib. Mikayıl Mirzə şeiri deyib qurtardı. Anam gül dəstəsini verdi mənə, mən də asta-asta çıxdım səhnəyə, gülü verdim Mikayıl müəllimə. Məni qucağına aldı. Çox həyəcanlı idim, səhnəyə düşən o işıqlar, alaqaranlıq, dumanlı görünən auditoriya, tamaşaçılar... Necə təsirləndimsə, elə həmin gündən o səhnədə qaldım.
Həmkarlar İttifaqının Mədəniyyət Evində Aqşin Vəlixanlının dərnəyi vardı. Üç il orda çalışdım məktəbi bitirənə kimi. Sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Bir gün gəldim dayım şair Xəlil Rza Ulutürkün yanına. O, məndən soruşdu “hara qəbul olmaq istəyirsən”. Aktyorluğa deyəndə fikrimdən daşındırmaq istəsə də, mən razı olmadım. Həmin vaxt bir tamaşam vardı. Dayımı dəvət elədim. Dedim, əgər rəva bilsən mən bu sənətə layiqəm, bu yolda kömək edərsən. Xəlil Rza tamaşaya baxdı və çıxanda dedi, şəngülüm, gələrsən gedərik İncəsənət Universitetinə. Mənə ya şəngülüm deyərdi, ya da igid. Birgə getdik universitetə. Dayım orda dedi ki, əgər bura uyğun deyilsə, elə kəsin ki, bir də gələ bilməsin. Universitetə qəbul olub Vaqif İbrahimoğlunun kursuna düşdüm.
- Yəqin həyatdakı uğurunuz həm də Vaqif İbrahimoğluna bağlıdır...
- Ən böyük xoşbəxtliyim buradan başladı. Vaqif İbrahimoğlu, sözün əsl mənasında, məni döyə-döyə gətirib bu yola çıxartdı. Həmişə deyərdi mənim tələbim çoxdur, amma şagirdim barmaqla sayılacaq qədər azdır. Xəstə yatanda yanına getmək istəmirdim. Onu elə görmək mənə ağır gəlirdi. Xəbər göndərmişdi ki, o eşşəyə deyin, gəlsin yanıma. Kövrək adam olduğum üçün özümü güclə toplayıb keçdim yanına. Məni görəndə dedi ki, hamıya görüş üçün iki dəqiqə vaxt verirəm, sənə dörd dəqiqə. Haradasa beş-altı dəqiqə oradan-buradan söhbət etdik. Həmişə deyərdi Kamran Yunis mənim ərköyünümdür, ona icazə vermişəm istədiyi zarafatı istədiyi formada etsin. Sağollaşıb çıxanda məni səsləyib dedi ki, mən xoşbəxt insanam sənin kimi bir aktyor yetişdirmişəm. Mən deyəndə ki, sənin gözəl aktyorların var, qayıtdı cəhənnəm ol bayıra. Qapıdan çıxan kimi özümü saxlaya bilmədim, o, bizim axırıncı görüşümüz idi. Həmin gündən hər dəfə çəkildiyim tamaşalarda, seriallarda onun dəstəyini sanki arxamda hiss edirəm. Mən, ümumiyyətlə, iki insanın, Vaqif İbrahimoğlu və Həsənağa Turabovun ruhunu həmişə duyuram. Onlar mənim yol göstərənim olublar, əlimdən tutub irəli aparıblar. Vaqif İbrahimoğlu tələbəsi olduğuma görə elə universitetdən sonra da onun teatrında işləməyə başladım. Vaqif müəllim, əslində, orada işləməyimi istəmirdi. Hansı teatra istəsən səni düzəldərəm desə də, mən onun yanında, YUĞ Teatrında çalışmağı seçdim. Vaqif İbrahimoğlu dünyasını dəyişənə kimi oranın işçisi idim. O rəhmətə gedəndən sonra teatrla olan bağlarım qırıldı. Orada maaş faciəvi şəkildə az olduğuna görə axır vaxtlar heç teatra gedə bilmirdim. Cəmi 150 manat alırdım. Bu, mənə bir ay bəs eləmirdi. Ona görə də mən 2008-ci ildən Azərbaycan Televiziyasının dublyaj redaksiyasında çalışmağa başladım.
- Teatrdan ayrı necə yaşayırsınız? Bəlkə kimdənsə küsmüsünüz?
- Teatrdan ayrı qalmaq çətindir. Teatr mənim üçün sevgidir. Sevgidən küsmək olmaz. Bəlkə də küsdüyüm aktyorlarımıza dəyər verməyən hər hansı bir qurum, təşkilat ola bilər. Həqiqəti görmək çətindir bir az. Reallığa baxsaq, 170 manatla aktyor necə dolansın? Heç gününə bir manat da düşmür. Atatürkün bir misalı var: “hər bir dövlət mənsub olduğu mədəniyyətin güzgüsüdür”. Əcəba, mənmi bu halımla aynayam və ya bizim mədəniyyətimiz bu halıyla aynadır? Yəni belə ayna olmaq olmur. Hər bir teatr mənsub olduğu cəmiyyətin kiçik modelidir. Aktyor normal dolanmalıdır. Başqa ölkələrdə olduğu kimi. Heç olmasa əla olmasa da, normal olmalıdır. Mənə çox deyirlər niyə çıxıb getmirsən Türkiyəyə? Çıxıb getsəm, bəs sonra nə olar? Məgər anam məni bu dünyaya Türkiyə mədəniyyətinə qulluq eləməyəmi gətirib? Bu məmləkətin övladıyam. Bu məmləkətin mədəniyyətinin zərrə qədər də olsa, bir məsuliyyəti var üzərimdə. Axı nəyisə bilirəm. Vaqif İbrahimoğlu mənə nəyisə verib ki, bunu ötür gələcəyə. Gənclərə nəyisə öyrədəndə çox sevinirəm. Aktyor var öyrətmir, paxıllıq edir.
- İndiki gənc aktyorlar reytinq yığıb reklamdan qazanırlar. Bunu necə qiymətləndirirsiniz?
- Mən aktyorlardan danışıram. Mən təlxəklərdən, toya gedib tamadalıq edənlərdən danışmıram. Hindistanda olanda onların bizim fəxri adlarımıza təəccüb etdiklərinin şahidi oldum. Bu gün əməkdar artist, xalq artisti kimi kəlmələr öz dəyərini itirib. Fazil Salayev kimi dəyərli aktyorumuz heç bir fəxri ad almadan köçdü dünyadan. Fazil Salayev tarixdə qalacaq. Ad dəyərini itirib artıq. Bir dəfə Rac Kapur Azərbaycana gələndə Rəşid Behbudov üçün şərait yaratdılar ki, onu qarşılasın. Rac təyyarədən düşəndə Rəşid əl uzadıb deyir SSRİ xalq artisti, Azərbaycan xalq artisti, dövlət mükafatı laureatı. Rac isə özünü təqdim edəndə milyarder Rac deyə bildirir. Yaxşı yaşamaq asan bir şeydir. Mən heç vaxt hansısa toya gedib tamadalıq etmərəm. Sözümün dəyəri itər. Gözlərimdəki ləyaqət hissi azalar. Yaxşı aktyor reklama çəkilməz, yaxşı aktyor klipə çəkilməz. Yaxşı aktyorun yeri yaxşı kinodur. Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov kimi şəxsiyyətləri heç vaxt belə çəkilişlərdə görə bilməzsiniz. İnsan keçmişdə oynadıqlarına dəyər verməlidir. Mənim dünyamda ustadımdan öyrəndiyim budur ki, yaxşı aktyor tamadalıq eləməz. Yaxşı aktyor özünə hörmət edən aktyordur.
- Sizcə aktyor necə dolanmalıdır?
- Başqa ölkələrdə bir və ya iki dövlət teatrı olur. Qalanları kommersiya fəaliyyəti ilə dolanırlar. Hollivud aktyorları sənəti anasının qarnında öyrənməyib ki? Sadəcə, iş düzgün qurulub. Əgər bizdə də özünü maliyyələşdirən teatrlar olsa, rəqabət artacaq, aktyorun dəyəri də bilinəcək, yaxşı da maaş alacaq. Dövlət teatrına sponsor tapmaq olmur. Çünki adı üstündə qeyd olunduğu kimi dövlət teatrıdır. Türkiyədə dövlət teatrında aktyor bir il işləyəndən sonra özünə ev ala bilir. Mən 25 il dövlət teatrında işləyib 170 manat maaş almışam. Bir neçə aydır “Vicdan haqqı” serialının çəkilişləri bitib. Nə bir seriala dəvət, nə bir teatrda rol almışam. Niyə? Çünki doğru sistemlə çalışmırıq. Bəzi haqsızlıqlar var ki, onları qəbul eləmək olmur. Niyə İlham Hüseynov, Ayşad Məmmədov, Qurban İsmayılov kimi dəyərli aktyorlar milli dram teatrından uzaqlaşdırılır? Ola bilər teatrın belə aktyorlara ehtiyacı yoxdur, amma cəmiyyətin onlara ehtiyacı var. O sənətkarlar tapıntıdır. Görəsən, bizim mədəniyyətimizə belə aktyorlar çoxmu gəlir ki, onlara ehtiyac qalmır? Qoruya bilmirik sənət adamlarını. Niyə? Bilmirəm. Bəlkə də bilirəm, demək istəmirəm. Qoy bunu lazım olan qurumlar fikirləşsin. Bizdə bir problem də var ki, sənətçilər bir-birinə hörmət edə bilmirlər. Üzdə gülür, amma daxilən bir-birini sevmirlər.
- Yeni teatr klassik ənənəni inkar edir. Artıq yarıçılpaq, erotik səhnələrin şahidi oluruq.
- Mənim sənət düşüncəmdə olmaz deyiləcək bir şey yoxdur. Bir dəfə bir tamaşa oynadım, erotik səhnə vardı. Rolu Vaqif İbrahimoğlu təklif etmişdi. Tamaşanı sonra sildilər, qadağan elədilər. Bunu mən eləmişəm, əgər kimsə desəydi, bunu eləməzlər. Deyərdim, harada yazılıb ki, eləmək olmaz? Amma mənəvi dəyərlər deyilən bir şey var. Əcəba, yarıçılpaq deyiriksə, onda küçədə nə qədər insan elə yarıçılpaq gəzir. Ya televiziyanı açırıq, orada da eyni mənzərədir. Teatr insan ruhunun sərbəst yaradıcılıq məqamıdır. Nəyisə qadağa eləmək olmaz. Oyunçu gəlir ruhuna azadlıq verir, yaradır. Ruhuna şərik olmaq istəyən gəlir onunla bu azadlığı paylaşır. Bir neçə saatlıq insanlar bu azad məkanda ruh paylaşmasına qoşulurlar.
- Bu halda rejissora da ehtiyac yoxdur yəqin...
- Rejissor kimdir bəyəm? Rejissor rejimi yaradır. Bir məqamda o da əlini çəkir. Rejissor ağacları bir yerə toplayıb üstünə neft töküb yandıran adamdır. Sonra biz saatlarla oturub ocağa baxırıq. Biri birdən qayıdıb deyir “rəhmətlik nənəm deyərdi ki, ocağın üstünə neft tökməzlər”. Bu ocaq nə mahiyyət kəsb edir nənə üçün? Nənə yoxdur axı onun içində. Nənəni yandırmadıq axı biz. O ocağın alovu nənəni də, babanı da yada salır. Ölənimizi də, qalanımızı da. Sevgimizi də.
- On ildir dublyaj sahəsində çalışırsınız. Dublyaj nədir? Orada proseslər necə gedir?
- Dublyaj prosesi dörd iri zalda baş verir. Zalın o başında televizor var. Zalın tən ortasında uzun bir masadır. Masanın üstündə 4 arakəsmə var. Hərəsində bir aktyor oturur, bir mikrofon olur. Qulaqlarında qulaqcıq olur. Qulaqcıq vasitəsilə televizordan bizə görüntü ötürürlər və biz filmi eşidirik. Ona baxaraq qarşımızdakı filmin mətnindən səsləndiririk. İngiliscə eşidirik, amma əlimizdə Azərbaycan tərcüməsi olur. Proses bu ardıcıllıqda davam edir. Azərbaycanda dublyaj eləmək üçün mükəmməl aktyor olmalısan. Yəni qaçaraq, müharibənin içində olaraq, uzanaraq, uçaraq və sair prosesləri dublyajda oturaraq səsləndirməlisən. Ölkədə bu işi yerinə yetirəcək aktyor barmaqla sayılacaq qədər azdır. Çox kanallarda dublyaj bərbad vəziyyətdədir. Az TV-də isə həqiqətən dublyaj yüksək səviyyədə həyata keçirilir. Vüsal Murtuzəliyev, Ədalət Məmmədov, Eldəniz Rəsulov master dublyorlardı. Sadəcə problem yenə də maliyyə məsələsidir. Dublyaj olunması üçün dünyanın ən böyük telekanalları bir filmi göstərmək üçün həmin filmin diskini gedib həmin “prodakşn”dan alır. Orijinal diskdə 12,16,32 zolaq olur. O zolaqdan biri aktyorların səsidir. Həmin zolaq silinir, ora Azərbaycan aktyorların səsi qoyulur. Bu halda sistem mükəmməl birləşir. Bizdə həmin diski 70 minə almaq imkanı olmadığına görə bu prosesi adi disk almaqla həyata keçiririk. O diskdə də cəmi bir zolaq olur. Təsəvvür edin 32 zolaq sıxışıb birində cəmləşib. Biz istəsək də, bundan artıq möhtəşəm dublyaj edə bilmərik. Televiziyalar maliyyələşib elə bir səviyyəyə çatmalıdır ki, həmin filmi “prodakşn”ın özündən ala bilsin. TRT kanalı həftədə bir dəfə xarici kino verir. Niyə? Çünki həftədə bir dəfə 70 min ödəyib xarici filmi alır. Ona görə də xaricdə televiziyalar hamısı serial çəkir, nəinki dublyaj, çünki daha ucuz başa gəlir. Bizdə dublyaj edəndə önəmli saymırlar o filmə baxıldı ya yox. Amma xaricdə dublyaj olunan filmə bir ayrı maraq var ki, mütləq baxmalıdırlar. Xaricdə dublyaja yaxşıda pul verirlər. Bizdə isə bu proses “edirsən et, etmirsən xoş getdin” kimi dəyərləndirilir. Nə olsun ki, yaxşı yazırsan, nə olsun ki yaxşı aktyorsan. Bir dəfə dublyaj prosesində idim. Həyəcanla mətni səsləndirirəm birdən yanımdakı aktyor sual verdi ki, boğazını niyə yorursan, buna görə sənə əlavə pul verəcəklər? Bir az utandım ki, özümü niyə belə həlak edirəm. Sonra anladım ki, gələcəkdə bu dünyada olmayanda məndən kimsə danışsa, o dünyada olsam belə səsimə görə xəcalət çəkməyəcəyəm. Əgər bir dəfə bu prosesdə xalturaya öyrəşdinsə, elə bu ardıcıllıqda gedəcəksən. Azərbaycan dublyajında dəyərli uşaqlar var. Çox istərdim o uşaqlara işlədikləri televiziya rəhbərliyi dəyər verə bilsin. Həm də bu dəyəri maddi tərəflə ödəyə bilsinlər.
- Dublyajda mətnlərin özündə problem az deyil...
- Bəli, bəzən belə hallar olur. Amma yaxşı aktyor onu düzəldir. Bu problemin qaynağı universitetdən gəlir. Çünki Azərbaycanda heç bir universitetdə kinossenari, kino tərcüməsi fakültəsi yoxdur. Dilçilərimiz bu sözlərin qarşılığını tapıblar ki, biz bilmirik? Məsələn bizim dublyajda ən çox səhv tutulan söz “lənətə gələsən” kəlməsidir. Bəs necə tərcümə edək? İngiliscə deyir “fuck you”, yəni söyüş kimi. Bu sözü necə tərcümə edək? Qarşılığı varsa, desinlər, elə səsləndirək. Dublyajda önəmli məqamlardan biri də kinodakı səsə uyğun səs tapmalısan. Bu çox vacib bir məsələdir. Onda dublyajda gözəl alınır.
- Dublyajda nə dəyişməlidir?
- İlk öncə Azərbaycan mədəniyyətinin, insanların düşüncəsi dəyişməlidir. Düşüncə dəyişməsə, lap yarım milyonluq kameranı gətirsələr belə, onunla toy çəkəcəklər. Amma Rasim Ocağova mən əlimdəki telefonu versəydim, deyərdi a, bu nə qəşəng çəkir və o telefonla bədii film çəkərdi. Çünki Rasim Ocağovun düşüncəsi kino düşüncəsi idi. Amma həqiqətən xalqımızın dəyərli sənətkarları çoxdur. Sadəcə onlara qiymət vermək lazımdır. Onları qorumaq isə Azərbaycan mədəniyyətinin üstünə düşür.
Digər xəbərlər
loading...