Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb
Təhsil Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.
Digər xəbərlər
loading...