Bu sabah yuxudan ayılırkən həmişəki kimi ilk olaraq planşeti əlimə alıb sabahın ilk xəbərlərini nəzərdən keçirmək istədim və diqqətimi ilk cəlb edən gecə yarısından sonra “Bakcell”dən gələn “sms” oldu. Və bu “sms” məni elə cin atına mindirdi ki, evdən çıxıb işə gələnə qədər cin atından düşə bilmədim
Hər şeydən əvvəl “Bakcell”in məni və mənim kimi on minlərlə insanı, jarqonla ifadə edərsək, “tupoy” yerinə qoyması və bu halın davamlı olaraq təkrarlanması məni cin atından düşməyə imkan vermirdi. Oxucuya hər şey aydın olsun deyə, gələn “sms”i olduğu kimi təqdim edirəm:
“Hormetli Abunechi,
Siz videoera.org xidmetini qosuldunuz. Xidməti dayandırmaq ucun stop sozunu 9576 nomresine gonderin.Qiymet: 0.59 AZN/gun.
Tel: 0124041389”
Açığı mən bu yazını yazarkən “Bakcell”dən normal bir açıqlama gözləyirəm və hesab edirəm ki, “Bakcell” məndən icazəsiz məni hansısa xidmətə qoşmasına və buna görə məndən pul tutmasına bir aydınlıq gətirməlidir. Hər halda bu “aydınlıq” hüquqi cəhətdən “Bakcell”in mənim cibimə bu qədər rahat girə bilməsinə də aydınlıq gətirməlidir.
Yəni mən doğurdanmı “Bakcell”dən xahiş eləmişəm ki, gecənin bir yarısı “Bakcell” məni hansısa videoera.org xidmətinə qoşsun və mən bunun müqabilində “Bakcell”ə minnatdar olum və sevə-sevə mobil operatora ödəniş edim? Mənim bildiyim qədər dünən gecə yatmamışdan əvvəl “Bakcell”dən belə bir xahiş etməyi heç fikrimin ucundan da keçirməmişdim. O zaman “Bakcell” hansı haqqla məni gecə yarısı hansısa xidmətə qoşub pulumu öz dədə malı kimi xərcləyir? “Bakcell”in rəhbərliyi bu sualımın cavabını verə bilərmi? Əgər verə bilərlərsə buyursunlar. Ki, mən onlardan cavab gözləyirəm.
Mənə görə bu sualın cavabı özü-özənə aydındı. “Bakcell” bu tipli mesajları tək mənə yollamadığına görə və belə hallar ilk dəfə olmadığına görə mən hesab edirəm ki, bu mobil operator öz abunəçilərini sadəcə axmaq yeninə qoyur. Həm də bunu tək “Bakcell” eləmir. Azərbaycanda bütün mobil operatorlar öz abunəçilərinə bu şəkildə yanaşırlar və öz müştərilərini açıq şəkildə axmaq yerinə qoyurlar. Niyə? Niyəsi çox aydındı. Mobil operatorlar yaxşı bilirlər ki, hansısa 59 qəpiyə görə müştəri onsuzda onları məhkəməyə verməyəcək. Çünki 59 qəpiyə görə başlanılacaq məhkəmə həm vaxt və əsəb itkisidi, həm də pul itkisi. Hüquqi savadı olmayan vətəndaşlar üçünsə bu iki qat pul itkisidir.
Yəni bizim mobil operatorlar bilərəkdən öz müştərilərini bu şəkildə həm şantaj edir, həm onları axmaq yerinə qoyaraq aşağılayır. Həm də bunu etdikləri zaman çox rahat olurlar. Hər şeydən əvvəl düşünürlər ki, ciblərinə girdiymiz sıravi, ya da qeyri-sıravi vətəndaşın əlindən nə gəlir ki… Sıravi vətəndaşın onsuzda bizimlə baş ağrıtması imkansızdır. Qeyri-sıravi vətəndaşın isə hansısa qəpik-quruşa görə bizimlə davaya çıxması yenə də imkansızdır. Biz onları axmaq yerinə qoysaq da, onlar qəpik-quruşa görə bizimlə dava eləməyi özlərinə sığışdırmaz.
Yəni hesab bu qədər bəsitdir. Və mən açığı deyim ki, artıq mobil operatorların öz müştərilərinə qarşı bu qədər hörmətsiz davranmalarından və soyğunçu təfəkkürlərindən cana doymuşam. Bu davranışları ilə bizləri aşağılayan mobil operatorlar bir şeydən də arxayındırar. Biz onlara məhkumuq…
Bu məhkumluq onları çox arxayın edir və onlar öz müştərilərinə adi hörmət nümayiş etdirməyi belə lüzumsuz hesab edirlər. Və əslində haqqlıdırlar. Niyə hörmət etməlidirlər ki? Hər şeyin başı pul qazanmaq deyilmi? Bizim mobil operatorlar bizi aşağılayaraq və əcaib sırtıq şəkildə cibimizə girərək daha çox pul qazanırlar. Amma bizlərə, yəni öz müştərilərinə hörmət qoysalar, yolkəsənlər kimi cibimizə girə bilməyəcəklər. Yəni daha az pul qazanacaqlar. Ona görə də onların öz müştərilərinə hörmət nümayiş etdirmələrinə hansı lüzum var?
Hə, özümüzə hörmət tələb etmək, ya da etməmək kimi bizim də bir haqqımız var. Və bu artıq bizim problemimizdir. Mobil operatorların bütün müştərilərinin…
Və burda Hamleti xatırlamaya bilmirəm. Şekspirin Hamletini… Yəni hər birimiz mobil telefonumuzu əlimizdə tutaraq özümüzə süal etməliyk: “Olmaq, ya olmamaq?”…
Azər QARAMANLI
Digər xəbərlər
loading...