Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin daha bir həkimi cinayət məsuliyyətinə cəlb edilib
Həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə A.Məmmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçib.
Cinayət matereallarına əsasən, A.Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.
A.Məmmədov, mərkəzin direktoru Telman Məmmədhəsənov və digərlərinin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 24-nə təyin edilib.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. (report.az)
Digər xəbərlər
loading...