"Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi bütün Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir"
AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, bu nəticə asan əldə olunmayıb. "Xəzər sahili ölkələr təxminən 22 il danışıqlar apardılar. Nəhayət, yekun nəticə qardaş Qazaxıstanda əldə olundu. Bu Konvensiyanın imzalanması çox böyük tarixi əhəmiyyətə malikdir", - deyən Adil Əliyev qeyd edib ki, Konvensiyaya görə, hər 5 dövlət Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin 10 mil məsafədə balıq tutma hüququna malik olacaq. Qalan hissə isə birgə istifadədə olacaq.
Azərbaycanın bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv və beynəlxalq hüquqa uyğun mövqedən çıxış etdiyini bildirən A.Əliyevin fikrincə, bu Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına töhfə verəcək. Bu Konvensiyanın imzalanması bir daha sübut edir ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Şübhə yoxdur ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcək. Adil Əliyev həmçinin deyib ki, bu tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək. Bu da Xəzəryanı dövlətlərə böyük fayda gətirəcək. Beləliklə, Xəzər dənizi, sözün həqiqi mənasında, sabitlik və əməkdaşlıq dənizinə çevrilir.
Millət vəkili A.Əliyev vurğulayıb ki, mühüm məsələlərdən biri də Xəzərin ekoloji sabitlik zonasına çevrilməsidir. O xatırladıb ki, Azərbaycan indiyə qədər öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin. Bundan sonra Xəzəryanı ölkələrin birgə əməkdaşlığı şəraitində bu istiqamətdə daha geniş miqyaslı tədbirlərin həyata keçirilməsi və uğurlu nəticələrin əldə olunmasına əsaslı imkanlar yaranıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində qardaş ölkənin Prezidenti Nursultan Nazarbayevlə çox məhsuldar görüş keçirdiyini xatırladan A.Əliyevin sözlərinə görə, Xəzərin statusunun müəyyənləşməsi bölgədə əməkdaşlığı genişləndirmək üçün yeni fürsətlər açır: "Birinci növbədə Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən ticarət və mal daşımaçılığı artacaq. Təsadüfi deyil ki, Prezident Nursultan Nazarbayev dövlətimizin başçısı İlham Əliyevlə görüşdə xüsusi vurğuladı ki, Qazaxıstan Çinlə sərhəddə yeni yollar salıb, bu yollar Xəzər sahilində yeni qurulan Kurık limanına qədər uzanacaq. Aktau yaxınlığında tikilən Kurık limanı Ələt limanına bənzəyir. Beləliklə bu iki liman İpək Yolunun bərpasında da əsas rol oynayacaq. Çindən gələn mallar Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınacaq. Bu marşrut da türk birliyinin inkişafında əvəzsiz rol oynayacaq.
Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər etdiyini deyən millət vəkili Adil Əliyev bu ölkə rəsmiləri və deputatlarla, həmçinin Qazaxıstanda yaşayan soydaşlarımızla keçirdiyi çoxsaylı görüşlərdə bu qənaətə gəldiyini söyləyib ki, türk dünyasının aparıcı liderləri olan Ümummilli liderimiz Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin, o cümlədən Nursultan Nazarbayevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Teyyub Ərdoğanın indiki birliyin formalaşmasında misilsiz xidmətləri var. "Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə gətirilən və dəyəri on milyardlarla dollar ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək", - deyə millət vəkili Adil Əliyev bildirib.
Digər xəbərlər
loading...