Dünən Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb
Bu barədə AzNews.az saytının suallarını YAP-çı millət vəkili Aydın Mirzəzadə cavablandırır:
- Cənab Mirzəzadə, Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiyanın imzalanmasından sonra Xəzəryanı ölkələr arasında etimad artacağı gözlənilir. Bu etimad bizə nə vəd edir?
- Konvensiyanın imzalanması tarixi hadisə idi. Ümumiyyətlə tək regionun deyil, dünyanın çox ağrılı bir problemini regionda yerləşən beş dövlət özləri həll edə bildilər. Maraqlısı budur ki, problemin mövcud olduğu 26 il ərzində dövlətlər arasında bir dəfə də olsun bu məsələ ətrafında hərbi konflikt baş vermədi. Dövlətlər mehriban qonşuluq və beynəlxalq hüquq normalarını əsas götürərək problemin həlli üçün səy göstərdilər. İlk növbədə Xəzər əməkdaşlıq və sülh regionu elan edildi və digər dövlətlərin burada hərbi baza yaratmasının qeyri-mümkünlüyü göstərildi. Ehtiyacdan artıq hərbi gücün artırlmasına imkan verilməyəcəyi bildirildi. Hər bir ölkənin sahil xətti müəyyənləşdirildi və ölkələrin gəmilərinin neytral sularda sərbəst hərəkəti hüquqi cəhətdən təsdiq edildi. Xəzərin dibindəki təbii ehtiyatların taleyinin isə qonşu dövlətlər arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcəyi gözlənilir. Xəzəryanı ölkələrin gəmilərinin dünya su hövzələrinə sərbəst çıxmasının təsdiq edilməsi beş dövlət arasındakı ən vacib məsələlərdən biridir. Bir məsələ də qeyd edim ki, problem kənar dövlətlərin iştirakı və ya müdaxiləsi olmadan həll edildi. Bunun özü problemlərin region ölkələrinin özünün səyi ilə həll edə biləcəyinin mümkünlüyünü göstərdi.
- Bəs, sizcə, tərəflər Konvensiyanın maddələrinə gerçəklikdə əməl edəcəklərmi?
- Hüquqi status barəsində konvensiya Azərbaycanın və şəxsən cənab prezidentin fəaliyyətinin nəticəsində mümkün oldu. Beynəlxalq hüquq normaları əsas götürüldü və qonşu dövlətlərlə xoş münasibətlər yaradıldı. Əgər imza varsa və parlament tərəfindən təsdiq edilirsə, bu artıq qanuni sənəddir və tərəflərin onu yerinə yetirməməsi qeyri- mümkündür. Etiraz yaranarsa, əlbəttə, əlavə danışıqlar ola bilər. Hətta beynəlxalq məhkəmə sistemindən istifadə edilməsi mümkündür. Lakin, hesab etmirəm ki, tərəflər öz imzalarından imtina edələr. Çünki bu müddəalar bütün tərəflərin maraqlarına cavab verir.
- Fikrinizcə, Azərbaycan nəqliyyat infrastrukturu baxımından konvensiyanın əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycanın Xəzər dənizində 260-a qədər gəmisi var və bu gəmilər Xəzərdə sərbəst hərəkət edə bilirlər. Konvensiya şərtlərinə görə, Azərbaycan həm öz yüklərini, həm də digər ölkələrin yüklərini dünya bazarına çıxara biləcək. Xəzəryanı ölkələrin, həm də uzaq ölkələrin Azərbaycanın logistik imkanlarından istifadə edərək öz yüklərini bazara çıxartmasına şərait yaradacaq.
- Regional sabitliyin tənzimlənməsi fonunda "təklənmiş" Ermənistanın vəziyyəti necə olacaq?
- Ermənistan artıq bu məsələdən çox narahatdır. Hətta tanınmış erməni siyasətçiləri Azərbaycanın siyasi və iqtisadi cəhətdən böyük uğur qazandığını dilə gətirir. Azərbaycanın beynəlxalq aləmdə nüfuz qazanması, Ermənistanda isə daxili çəkişmələrin davam etməsi daxildə narahatçılıqların başlanmasına gətirib çıxarır. Ermənistan öz taleyini qonşu dövlətlərin torpağına iddialar edərək, mehriban qonşuluq siyasətindən imtina edərək özü seçib. Azərbaycan isə bu gün iqtisadi, siyasi və hərbi cəhətdən güclənir. Hesab edirəm ki, proseslər bu cür davam etsə, növbəti həll olunacaq məsələ Dağlıq Qarabağ məsələsi olacaq.
- Bildiyiniz kimi, Azərbaycan bu günə qədər konstruktiv mövqe tutub. Tutduğu bu mövqe Azərbaycanın taleyində nə qədər həll edici rol oynadı?
- Ümumiyyətlə konstruktiv mövqe Azərbaycanın beynəlxalq aləmdə nüfuz qazanmasına , mövqeyinin beynəlxalq təşkilatların sənədlərində öz yerini tapmasına səbəb oldu. Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir beynəlxalq təşkilat Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini dəstəkləmir. Azərbaycanın siyasi mövqeyinin dəstəklənməsi, regional-iqtisadi layihələrin təşəbbüskarı və iştirakçısı olması Azərbaycanın kredit verən ölkəyə çevrilməsinə gətirib çıxarır. Bir sözlə, son proseslər bir daha göstərdi ki, Azərbaycanın apardığı siyasət düzgündür.
Digər xəbərlər
loading...