"22 ildən çox davam edən danışıqlardan sonra Aktauda Xəzərin statusuna dair imzalanan Konvensiyanı Xəzərin Konstitusiyası kimi də qiymətləndirmək olar"
"İmzalanan Konvensiyaya görə Xəzər nə dənizdir, nə də göldür. Bu, dünya dəniz tarixində yenilikdir".
Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Xəzəri okeanlara çıxışı olmadığından onu dəniz adlandırmaq mümkün deyil: “Eyni zamanda su tutumu və coğrafi baxımdan Xəzər göl də deyil”.
Xəzərin statusunun müəyyənləşdirilməsinin vacibliyinə toxunan politoloq qeyd edib ki, ilk növbədə İran əvvəllər Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi, bu da statusun müəyyənləşməsinə ən böyük maneə idi: “Ona görə də danışıqlar uzun illər nəticə vermədi. Nəhayət, İran öz mövqeyindən geri çəkildi. Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir.
İkincisi, Konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Demək, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər”.
Elxan Şahinoğlu vurğulayıb ki, üçüncü məqam Xəzər sahili ölkələrin başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməsi ilə bağlıdır: “Digər tərəfdən, Xəzər sahili ölkələr arasında dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Aydındır ki, bu bəndlərin Konvensiyaya daxil edilməsinə daha çox Rusiya və İran çalışıb. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Moskvayla Tehran ABŞ və NATO qüvvələrinin Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzər dənizində də fəallaşa biləcəyindən ehtiyat edirdi. Ancaq Bakı və Astananın ABŞ və NATO ilə hərbi əməkdaşlığı kater və lojistik ləvazimatlar alınması ilə məhdudlaşırdı. Ona görə də Astana və Bakı Rusiyayla İranın “Xəzərdə başqa dövlətlərin hərbi gəmiləri olmasın” bəndini qəbul etdilər”.
Politoloq hesab edir ki, Xəzərin statusunun müəyyənləşməsi Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər: “Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi malların cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin. Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılması Bakı-Tbilisi-Qars dəmiryoluna marağı artıracaq.
Buna baxmayaraq, imzalanan Konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir.
Xəzərin dibi sahil dövlətlərin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. Ancaq Azərbaycanın Türkmənistanla və İranla oxşar sazişi yoxdur. Çünki Aşqabad və Tehran Xəzərin dibindən daha çox pay istəyirlər. ABŞ-ın İrana qarşı sanksiyaları güclənib. Bir çox Qərb şirkəti İranı tərk edir. Bu amillər İran iqtisadiyyatına mənfi təsir edir. Belə vəziyyətdə İran Xəzərin statusu ilə bağlı sahil ölkələri ilə mübahisəni davam etdirə bilməzdi. İrana tərəfdaş dövlətlər lazımdır. Ona görə də sonda Xəzərdəki iddiasından geri çəkildi.
İndi rəsmi Bakı elə etməlidir ki, Tehran Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı da Azərbaycanla saziş imzalasın. ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından, həmçinin İrana qoyduğu investisiyalardan imtina etmir. Ona görə də Tehran Bakının bu siyasəti qarşılığında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanla razılığa gəlməlidir. Əks halda, Azərbaycan-İran münasibətləri ideal olmayacaq”.
Elxan Şahinoğlunun fikrincə, Xəzərin statusu müəyyənləşəndən sonra Azərbaycanın Türkmənistanla razılığa gəlməsi daha realdır: “Türkmənistan öz qazını Avropaya nəql etmək istəyirsə, bunun üçün Azərbaycanla razılığa gəlməli və Xəzərin dibi ilə boru xəttinin tikintisini sürətləndirməlidir. Xəzərdə Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli “Kəpəz” (türkmənlər onu “Sərdar” adlandırır) yatağı isə birgə işlədilməlidir.
Beləliklə, Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor olmamalıdır. Xəzərin dibi ilə boru xəttinin tikintisini Türkmənistandan və Azərbaycandan başqa Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir. Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması bölgədə yeni əməkdaşlıq – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək.
Bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bu format imzalanan Konvensiyadan sonra gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirə bilər”
Digər xəbərlər
loading...