Prezident İlham Əliyev ötən gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı mühüm məsələlərdən söz açıb.
Ölkə başçısı avropalı deputatlarla görüşündə ATƏT-in Bakı ofisinin bağlanmasının gerçək səbəbini açıqlayıb. Prezident ATƏT-in Bakı ofisinin bağlanmasının Azərbaycanda tanınmış nəslinin nümayəndəsi olan Şahtaxtinskinin işdən çıxarılması ilə əlaqədar olduğunu vurğulayıb.
Prezident çıxışında haqsız yerə işdən çıxarılan Şahtaxtinskini müdafiə edib: "ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir”.
Prezidentin haqqında danışdığı Şahtaxtinski kimdir?
MilliYol.Az ann.az-a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış Şahtaxtinskilər nəslinin nümayəndələrindən olan Aleksis Şahtaxtinski (Ələsgər bəy) 1967-ci ilin avqustun 22-də Strasburq şəhərində dünyaya gəlib. Atası Cahangir-Kamal (Jan) Şahtaxtinski Fransa Dənizçilik Akademiyasının zabiti və eyni zamanda, professoru olub. Anası Livanda fransız ailəsində böyüyüb.
Şahtaxtinskinin babası Azərbaycanda Sovet hökuməti qurulandan sonra əvvəlcə Türkiyəyə, daha sonra isə Fransaya köçüb.
Aleksis Şahtaxtinski 1988-ci ildə Nansi II Universitetində Rus dili və Beynəlxalq Hüquq fakültəsində bakalavr təhsili alıb.
1990-cı ildə təhsilini Paris siyasi elmlər Məktəbində Beynəlxalq münasibətlər üzrə davam etdirib.
O, Sorbonna Universitetinin məzunudur. 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Şahtaxtinski bir sıra beynəlxalq təşkilatlarda və Fransa hökumətinin diplomatik nümayəndəliklərində çalışıb.
Azərbaycan əsilli Aleksis Şahtaxtinski əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində işləyib.
Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik olan peşəkar diplomat Moskvada 90-cı illərdə NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil vəzifəsində çalışıb.
Şahtaxtinski 2010-2013-cü illərdə Krakovda (Polşa) Fransanın baş konsulu vəzifəsinə işləyib. O, həmçinin ATƏT- in Bakı Ofisi rəhbərinin müavini olub.
1 yanvar 2014- cü ildən 2015-ci ilin iyul ayına kimi ATƏT- in Bakı Ofisinin Layihə Əlaqələndiricisi olub.
Aleksis dəfələrlə Azərbaycanda olub.1986-cı ildə atası Cahangir-Kamal ilə birlikdə ilk dəfə Bakıya gəlib, yaxın qohumu, tanınmış kimyaçı alim Həbibbulla Şahtaxtinskinin iki ay qonağı olub. 1991-ci ildə Naxçıvana səfər edib, Şahtaxtılar nəslinin doğma yurdu Şahtaxtı kəndinə baş çəkib.
Aleksis ümummilli liderimiz dahi şəxsiyyət, Prezident Heydər Əliyevlə həm ölkəmizdə, həm də Fransada bir neçə dəfə görüşüb. Bu görüşlərin onda böyük təəssürat yaratdığını dəfələrlə xüsusi vurğulayıb.
Aleksis Şahtaxtinski 6 dildə danışır. Ailəlidir, iki övladı var.
MilliYol.Az
Digər xəbərlər
loading...