Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər
Bəs bu il nə qədər zəvvar Həcc ziyarətinə yola düşəcək?
Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsindən Modern.az saytına verilən məlumata görə, Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub: “Bu il Həcc ziyarətinə 1440 nəfər gedəcək”.
Qeyd edək ki, builki zəvvarların sayı ötən illə müqayisədə çoxdur. 2017-ci ildə 900 , 2016-cı ildə isə 1040 azərbaycanlı zəvvar ziyarətə getmişdi.
“Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanov saytımıza açıqlamasında deyib ki, Həccə nə qədər çox adam getsə, bir o qədər yaxşıdır:
“Bizi kimin hansı niyyətlə getdiyi maraqlandırmamalıdır. Hər halda adam Həccə gedirsə, bunun üçün pul sərf edirsə, bu, yaxşı haldır. Həcc ziyarəti ağır ibadətdir, müəyyən səbr, fiziki güc istəyir. Əgər insan bunları edirsə, artıq təqdirəlayiqdir. Digər tərəfdən Həcc elə ibadətdir ki, insanın necə olmasından asılı olmayaraq ona yaxşı cəhətdən təsir edir. İnsanın islah olmağı üçün önəmli rol oynayır. Bu baxımdan Həccə gedənlərin sayının artmasına sevinmək lazımdır”.
Hacı Qamət Süleymanov bir neçə dəfə Həcc ziyarətinə gedənlərdən də söz açıb:
“Zəvvarların sayının artmasını İslama marağın göstəricisi kimi də qiymətləndirmək olar. Lakin İslam dini həmişə diqqət mərkəzində olub. Sadəcə biz kommunizm dövründə yaşamışıq və o zaman hər şey qadağan idi. Təbii, çox adam Həccə getmək istəyər. Lakin maddi cəhətdən hər kəs bunu bacara bilmir. Dəfələrlə Həccə gedənlərə isə heç nə deyə bilmərik. İmkanları var, gedirlər, lap yaxşı”.
Qeyd edək ki, bu il Həcc ziyarətində xidmətlərlə bağlı dəyişikliklər edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə iki növlü səfər xidməti deyil, bir növlü xidmət olacaq.
Həcc ziyarətinin xərcinə gəldikdə isə bu rəqəm ötən ildə olduğu kimi 4150 dollar olub. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyib. Yaxın Şərqdə baş verən məlum münaqişələr üzündən bu ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunacaq.
MilliYol.az
Digər xəbərlər
loading...