Komitə sədri icra başçısını qoruya biləcəkmi?
Cəlilabad rayonunun icra başçısı Əziz Əzizov yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə MilliYol.Az-a rayondakı mənbələrdən məlumat daxil olub.
“11 ildir Cəlilabad rayonuna rəhbərlik edən Əzizovla yerli məmur korpusu arasında ciddi ziddiyyətlər var. Nəinki rayon əhalisi, hətta Cəlilabaddda yüksək post tutan bir sıra şəxslər də icra başçısı ilə soyuq münasibətlərə malikdir” deyən qaynaqlarımızın bildirdiyinə görə, bunun ən parlaq isbatı Əziz Əzizovla birinci müavini Asif Əzizov arasında bir neçə ay əvvəl baş verən münaqişədir.
Xatırladaq ki, ölkə başçısı ötən il avqustun 11-də Cəlilabadda səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib. Bu səfərdən bir gün öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənov rayona gedib. Rayonun qeyr-rəsmi kuratoru K.Həsənov prezidentin səfəri ilə bağlı hazırlıq işlərindən çox narazı qalıb. Komitə sədri RİH işçilərini danlayıb və bu zaman o qədər əsəbiləşib ki, birinci müavin Asif Əzizovun ünvanına nalayiq ifadələr işlədib. Mənbənin dediyinə görə, A.Əzizovun da əsəbləri tab gətirməyib və komitə sədrinin cavabını eyni tonda verib. Bu isə 1-ci müavinin taleyini həll edib - o vəzifəsindən azad edilib.
Həmin vaxt bu xəbər ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.
Qaynaqlarımız bildirirlər ki, əslində 1-ci müavinlə Əziz Əzizovla arasında münasibətlər əvvəldən gərgin olub. “Kərəm Həsənovun ona qəzəblənməsində isə ilk növbədə bu həlledici rol oynayıb. Komitə sədri Asif Əzizovu bitirməklə yaxın adamı olan icra başçısına qarşı yaxşı münasibət bəsləməyən rayonun digər nüfuzlu məmurlarına da mesaj göndərib. Demək istəyib ki, himayə etdiyi Əziz Əzizovla yola getmək istəməyən hər kəsin aqibəti oxşar olacaq” deyə mənbələrimiz vurğulayıblar.
O da bildirilir ki, Kərəm Həsənovun bu taktikası işə yarayıb - Əzizovun Cəlilabaddakı vəzifəli müxalifləri postlarını itirməmək, daha ağır formada cəzalandırılmamaq üçün icra başçısına qarşı əvvəlki soyuq münasibətlərini arxa plana keçiriblər.
“Bununla belə, artıq Əziz Əzizova mərkəzi dairələrdə də münasibətin dəyişdiyini və onun fəaliyyətinin hökumət çevrələrində narazılıqla qarşılandığını söyləmək olar. Hesablama Paltasının iki gün öncə Cəlilabadla bağlı aparılan yoxlamaların nəticələrinə dair açıqladığı hesabat bunu təsdiq edir. Hesabatdan aydın görünür ki, audit qurumu rayonun Mərkəzi Xəstəxanasında ciddi maliyyə pozuntuları aşkarlayıb. Əslində korrupsiya bu rayon üçün son 10 ildə tam adiləşib və əksər yerli dövlət idarələri və təşkilatlarında yeyinti halları at oynadır. Ehtimal etmək olar ki, artıq bu vəziyyətə son qoyulmasına qərar verilib və Kərəm Həsənov kimi güclü himayəçisinə baxmayaraq, Əziz Əzizov yaxın vaxtlarda icra başçıları arasında aparılması gözlənilən “təmizləmə əməliyyatı”nın “qurbanlarından” birinə çevriləcək” deyə mənbələrimiz əlavə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...