Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir.
Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.
Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.
Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...